"Ceyhun Bayramovun Ukraynaya səfəri mühüm əhəmiyyət daşıyır" - Azər Badamov

 13:45 07.08.2026     1098

Ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfər edib. Nazir səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Ukrayna başçısı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara və davam edən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür ünvanlayıb.

Milli Məclisin deputatı Azər Badamov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin dövlətin milli maraqlarına əsaslanan balanslı, praqmatik və müstəqil siyasi kursu beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Millət vəkilinin sözlərinə görə, bu siyasət Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirməklə yanaşı, dost və tərəfdaş ölkələrin sayının artmasına da mühüm töhfə verir.

"Xarici işlər naziri Ceyhun Bayramovun Rusiya–Ukrayna müharibəsi başladıqdan sonra Ukraynaya ilk rəsmi səfərlərdən birini həyata keçirməsi Azərbaycan–Ukrayna münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə səfərin Azərbaycanın humanitar dəstəyi ilə yenidən qurulan məktəb, reabilitasiya mərkəzi və xəstəxananın yerləşdiyi İrpen şəhərindən başlanması xüsusi qeyd olunmalıdır.

Azərbaycan müharibədən əziyyət çəkən Ukrayna xalqına humanitar yardım göstərilməsini davam etdirir. Prezident Volodimir Zelenski ilə keçirilən görüşdə Ukrayna liderinin Azərbaycanın göstərdiyi humanitar yardımlara və davam edən dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasına təşəkkür etməsi ölkəmizin həyata keçirdiyi humanitar siyasətin əhəmiyyətini bir daha göstərir".

Müsahibimiz vurğuladı ki, Ceyhun Bayramovun Ukraynaya səfəri Azərbaycan–Ukrayna münasibətlərinin siyasi, iqtisadi və humanitar istiqamətlərdə daha da inkişaf etdirilməsi baxımından mühüm addımdır:

"Azərbaycan uzun illər işğaldan əziyyət çəkmiş və beynəlxalq hüquqa hörmət edən ölkə kimi Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe nümayiş etdirir. Postmüharibə dövründə Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma layihələri bu sahədə mühüm təcrübə formalaşdırıb. Ukraynada müharibə başa çatdıqdan sonra Azərbaycan bu istiqamətdə də əməkdaşlığını genişləndirə bilər.

Prezident Volodimir Zelenski ilə keçirilən görüşdə Azərbaycan və Ukrayna arasında ticarət-iqtisadi, humanitar və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Ceyhun Bayramovun Ukraynaya səfəri Azərbaycan–Ukrayna münasibətlərinin inkişafı, eləcə də müharibənin beynəlxalq hüququn norma və prinsipləri əsasında başa çatdırılması istiqamətində Azərbaycanın mövqeyinin ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən