“Zelenskinin İlham Əliyevə təşəkkürü təsadüfi deyil” – Deputat
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski ilə görüşüb. Tərəflər Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının inkişafı, siyasi dialoq, energetika, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər. C. Bayramov həmçinin Zelenskini Cənubi Qafqazda postmünaqişə dövrü, sülh prosesi və azad edilmiş ərazilərdə aparılan bərpa işləri barədə məlumatlandırdığını bildirib. Ukrayna Prezidenti Azərbaycanın humanitar dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov vurğuladı ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Kiyevə rəsmi səfəri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü ikitərəfli münasibətlərin strateji səviyyəsini, eləcə də Bakının müstəqil xarici siyasət kursunun dəyişməzliyini nümayiş etdirir:
"Bu görüş həm siyasi, həm də hüquqi müstəvidə tərəflər üçün mühüm əhəmiyyət kəsb edir. Siyasi baxımdan Azərbaycan münaqişə fonunda özünün prinsipial mövqeyini qoruyub saxlayır və beynəlxalq tərəfdaşları ilə balanslaşdırılmış münasibətləri davam etdirməklə Bakı Şərqi Avropa və regional güclərlə əlaqələri zədələmədən suverenlik prinsiplərinə sadiqliyini növbəti dəfə göstərdi. Eyni zamanda, Cənubi Qafqazdakı postmünaqişə dövrü və sülh gündəliyi barədə məlumatların vasitəçisiz çatdırılması Bakının regional rolunu möhkəmləndirir.
Hüquqi müstəvidə görüş BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit edilmiş dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə dayanır. Azərbaycanın bu platformada açıq dəstəyi ilk növbədə məhz beynəlxalq hüququn aliliyinə sadiqliyini təsdiqləyir".
Onun sözlərinə görə, nazir Ceyhun Bayramovun İrpen şəhərində yenidən qurulan sosial obyektləri ziyarət etməsi Bakının Cenevrə Konvensiyalarının prinsiplərinə uyğun olaraq mülki əhaliyə və sosial infrastruktura humanitar dəstəkdə ifadə olunan ədalətli hüquqi göstəricisidir və bu diplomatik təmas hər iki tərəf üçün ciddi dividendlər təmin edir.
"Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini qlobal müstəvidə möhkəmləndirir, Cənubi Qafqaz sülh gündəliyinə Şərqi Avropada diplomatik dəstək qazanır, eyni zamanda enerji ixracı və bərpa layihələrində imkanlarını genişləndirir. Ukrayna isə suverenliyi məsələsində strateji tərəfdaşdan açıq hüquqi-siyasi dəstək alır, enerji böhranı fonunda davamlı humanitar və infrastruktur yardımını təmin edir və regional təhlükəsizlik məsələlərində etibarlı dialoq kanalını saxlayır. Volodimir Zelenskinin Prezident İlham Əliyevə xüsusi təşəkkürü də bu mənada ikitərəfli münasibətlərin bəyanatlardan praktiki nəticələrə keçdiyini göstərir", - deyə B.Məhərrəmov vurğuladı.
NURİYYƏ













