Ceyhun Bayramovun Ukrayna səfərinin pərdəarxası - Deputat AÇIQLADI

 15:52 07.08.2026     700

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfər edib. Nazir səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüş zamanı Ukrayna Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə göstərdiyi humanitar yardımlara görə təşəkkür edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, bu səfər bir neçə kontekstdə olduqca əhəmiyyətli hesab olunur:

"Çünki nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri, səhv etmirəmsə, bu, xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya ilk səfəridir. Bu amil də regionda gedən proseslər fonunda səfərin əhəmiyyətini daha da artırır.

Ümumilikdə, səfər bir neçə mühüm aspekti özündə birləşdirir. Bunlardan biri, şübhəsiz ki, iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı siyasi iradənin nümayiş etdirilməsidir. Burada önəmli məqam ondan ibarətdir ki, bir tərəfdən Azərbaycan-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində saxlanılması təsdiqlənir, digər tərəfdən isə bu münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində siyasi iradə ifadə olunur.

Xüsusilə də Volodimir Zelenskinin 2026-cı ilin aprel ayında Bakıya etdiyi səfər və həmin səfər zamanı əldə olunan razılaşmaların növbəti mərhələdə inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bu isə onu göstərir ki, səsləndirilən fikirlər sadəcə siyasi bəyanat xarakteri daşımır, konkret əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsinə hesablanıb. Əsas vurğu isə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə yönəlib ki, bu da iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur".

Müsahibimiz qeyd etdi ki, Azərbaycanın hər zaman Ukrayna ilə bağlı səsləndirdiyi ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan münasibətlər və ölkənin suverenliyinin tanınması ilə bağlı mövqeyi bir daha vurğulanır:

"Burada görürük ki, Azərbaycan beynəlxalq hüquqla tanınmış sərhədlərin toxunulmazlığı prinsipini daim ön plana çəkir. Uzun illər oxşar problemlə üzləşmiş bir dövlət kimi bu məsələ Azərbaycan üçün olduqca həssasdır. Səfər zamanı bu prinsipin bir daha vurğulanması Azərbaycanın beynəlxalq hüququ rəhbər tutduğunu və xarici siyasətində bu prinsiplərə sadiq qaldığını nümayiş etdirir".

Millət vəkili əlavə etdi ki, enerji sahəsində əməkdaşlıq da səfərin əsas istiqamətlərindən biridir:

"Bu sahədə artıq müəyyən əməkdaşlıq çərçivəsi mövcuddur. Gələcəkdə Azərbaycanın təbii qazının Ukraynaya ixracı ilə bağlı Ukrayna tərəfindən ehtiyacın ifadə olunması onu göstərir ki, Azərbaycan enerji əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır. Əgər gələcəkdə bu ehtiyac daha da artarsa, Azərbaycan enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirə bilər. Bu isə nəticə etibarilə Azərbaycanın regiondakı rolunun güclənməsinə xidmət edə biləcək mühüm amildir.

Bu baxımdan Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Xüsusilə müharibədən sonrakı dövrdə enerji resurslarının diversifikasiyası baxımından SOCAR-ın fəal iştirakı mühüm nailiyyət kimi qiymətləndirilə bilər. Artıq Ukraynanın enerji bazarında SOCAR-ın özünəməxsus mövqeyinin formalaşdığını müşahidə edirik. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi Ukrayna üçün də mühüm əhəmiyyət kəsb edir.

Gələcəkdə Orta Dəhlizlə bağlı Ukraynanın da öz yanaşması mövcuddur. Xüsusilə Qara dəniz üzərindən logistika zəncirinin qurulması məsələləri tərəflər arasında dəfələrlə müzakirə olunub. Azərbaycanın da Orta Dəhlizin potensialını artıracaq logistik marşrutların Ukraynanın iştirakı ilə Qara dəniz hövzəsi üzərindən formalaşdırılması istiqamətində əməkdaşlığı bütövlükdə bu marşrut üzrə beynəlxalq yükdaşımaların həcmini artıra və Orta Dəhlizin strateji əhəmiyyətini daha da yüksəldə bilər.

Burada əsas tərəfdaşlardan biri məhz Azərbaycandır. Çünki Cənubi Qafqaz Orta Dəhlizin əsas seqmenti hesab olunur. İstər Qara dəniz, istərsə də Türkiyə üzərindən keçən marşrutları nəzərə aldıqda, bu layihənin Ukrayna üçün xüsusi əhəmiyyət daşıdığını söyləmək mümkündür".

Onun sözlərinə görə, humanitar əməkdaşlıq da səfər zamanı diqqət mərkəzində olub:

"Burada humanitar yardımın göstərilməsi, müxtəlif obyektlərin bərpası, münaqişədən zərər çəkmiş ukraynalı uşaqların Azərbaycanda psixososial reabilitasiyasının təşkili, eləcə də İrpin şəhərinin bərpasında Azərbaycanın fəal iştirakı kimi məsələlər xüsusi qeyd olunur. Bütün bunlar humanitar sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir və iki ölkə arasında strateji tərəfdaşlığa əlavə məzmun qazandırır.

Səfər zamanı qeyd olundu ki, 2027-ci ildə Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi tamam olacaq. Bu yubiley hökumətlərarası əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi, xüsusilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə imkanlar yarada bilər.

Humanitar proqramların həcminin artırılması və parlament diplomatiyasının daha da fəallaşdırılması da tərəfdaşlığın möhkəmlənməsinə töhfə verə biləcək istiqamətlər sırasındadır".

Siyasətçi bildirdi ki, Azərbaycanın xarici siyasət kursu çoxvektorlu və praqmatizm prinsiplərinə əsaslanır:

"Ukrayna ilə münasibətlər hərbi müstəvidə deyil, əsasən siyasi dialoq, humanitar, iqtisadi və diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etdirilir. Bu siyasət heç bir dövlətə qarşı yönəlməyib. Hərçənd buna müxtəlif məna verməyə çalışan qüvvələr mövcuddur, lakin bu cəhdlər nəticə vermir.

Azərbaycanın milli maraqlara söykənən xarici siyasəti qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir. Bu yanaşma qarşılıqlı hörmət prinsiplərinə əsaslanmaqla yanaşı, iki dövlət və iki xalq arasında münasibətlərin daha da dərinləşməsinə imkan yaradır.

Azərbaycan bu prosesi uğurla davam etdirməklə postmünaqişə dövründə münasibətlərin yeni səviyyəyə yüksəldilməsi üçün zəruri fundamenti artıq bu gündən formalaşdırır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən