"Bayramovun Rusiya və Ukrayna səfərləri Azərbaycanın rolunu göstərir" - Deputat

 16:53 07.08.2026     591

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfər etdi və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə etdi. Bu, sadəcə formal təşəkkür deyildi. Bu təşəkkür, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləməsinə, Ukraynanın enerji böhranının aradan qaldırılması istiqamətində göstərdiyi yardımlara, eləcə də humanitar əməkdaşlığa və həyata keçirdiyi fəaliyyətlərə görə ifadə olunmuş minnətdarlıq idi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirdi.

"Azərbaycan Ukraynanın ərazi bütövlüyünü ona görə dəstəkləyir ki, hər şeydən əvvəl beynəlxalq münasibətlərin mühüm aktoru kimi beynəlxalq hüququn prinsiplərinə söykənən mövqe sərgiləyir, ədaləti müdafiə edir və beynəlxalq hüququn aliliyini təmin etməyi bacarmış ölkə kimi bu dəstək Ukrayna üçün mühüm əhəmiyyət daşıyır".

Millət vəkilinin fikrincə, Azərbaycanın bu ədalətli mövqeyi müharibənin digər tərəflərində də müəyyən mənada rəğbətlə qarşılanır:

"Çünki Azərbaycan bütün addımları ilə göstərir ki, əsas məqsədi sülhün bərqərar olmasıdır. Müharibədə güclü və ya zəif tərəf olmur, müharibədə hər kəs itirir. Sülh şəraitində isə hər kəs qazanır. Azərbaycanın bu mövqeyi, əlbəttə, Rusiya tərəfindən də anlayışla qarşılanır. Bu baxımdan hesab edirəm ki, Ceyhun Bayramovun əvvəl Rusiyaya, daha sonra Ukraynaya səfər etməsi Azərbaycanın bu prosesdə nə qədər mühüm rol oynadığını nümayiş etdirir. Azərbaycan Prezidentinə ünvanlanan təşəkkürün arxasında da məhz bu qədər dərin məzmun daşıyan və strateji əhəmiyyətə malik amillər dayanır", - deyə siyasətçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən