Ceyhun Bayramovun Ukrayna səfəri: Azərbaycan hansı mesajı verdi? - AÇIQLAMA
"Azərbaycan-Ukrayna münasibətlərinin fonunda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri, həm Ukrayna Prezidenti Volodimir Zelenskinin onu qəbul etməsi, eyni zamanda özünün ukraynalı həmkarı ilə görüş keçirməsi əslində Azərbaycanın beynəlxalq hüquq prizmasından Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyin təzahürüdür".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov səsləndirdi.
"Azərbaycan dövləti rəsmi olaraq Ukrayna məsələsində ərazi bütövlüyünün toxunulmaz olması məsələsini həmişə gündəmə gətirib. Biz özümüz uzun müddət işğaldan əziyyət çəkən bir dövlət olmuşuq. Təbii ki, bizim üçün beynəlxalq hüququn prinsiplərinə sadiqlik xüsusi önəm kəsb edir. Bu baxımdan mən düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ilin əvvəlindən bu günə qədər həmişə Azərbaycan Ukraynanın ərazi bütövlüyünə, ümumiyyətlə, təkcə Ukrayna deyil, bütün dövlətlərə münasibətdə ərazi bütövlüyünün qorunmasına və hörmətlə yanaşılmasına tərəfdar olub".
Müsahibimiz bu səfər çərçivəsində düşünür ki, bizim Ukraynaya müharibə dövründə göstərdiyimiz humanitar yardım və eyni zamanda ərazi bütövlüyü məsələsi, beynəlxalq hüququn prinsiplərinə hörmət olunmasının vacibliyi, danışıqlar prosesinin reallaşması ilə bağlı mövqeyimizdə əsaslı dəyişiklik yoxdur:
"Azərbaycan tərəfi bu mövqe sabitliyini bütün məsələlərdə, o cümlədən Ukrayna mövzusunda həmişə irəli sürüb. Azərbaycan Prezidentinin Şuşada ötən il və bu il keçirilən Qlobal Forumda məsələyə ədalətli yanaşması ondan xəbər verir ki, Azərbaycan dövləti bu cür məsələlərə həssas yanaşır və həmişə eyni mövqedən çıxış edir. Bu mövqe də, təbii ki, BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə dilə gətirilir.
Azərbaycanla Ukrayna arasında münasibətlərin inkişaf etdirilməsi baxımından da bu önəm kəsb edir. Çünki biz Ukrayna ilə münasibətlərimizin həmişə yaxşı olmasının tərəfdarı olmuşuq. Əslində bizim Rusiya ilə də münasibətlərin yaxşı olmasının tərəfdarı olduğumuz həmişə aşkar şəkildə olub.
Amma bu məsələdə, mən düşünürəm ki, Ukrayna zərərçəkən tərəf olduğuna görə Azərbaycanın Ukraynaya belə yanaşması, təbii ki, bütün dövlətlərə münasibətdə Azərbaycanın bu prizmadan, yəni beynəlxalq hüququn prinsiplərindən yanaşdığını ortaya qoyur".
Siyasi şərhçi vurğuladı ki, bizim Ukrayna ilə münasibətlərimizə postsovet ölkəsi olaraq, zamanında Sovet İttifaqının tərkibində olan dövlət kimi yanaşmamız ən düzgün yanaşmadır:
"Çünki biz necə ki, münaqişələrin tərəfdarı deyilik, eyni zamanda ədalətli yanaşmanın da həmişə tərəfdarı olduğumuzu göstərmişik".
NURİYYƏ













