“Top qarşı tərəfin meydançasındadır və biz gözləyirik” - Sahib Alıyev
"Azərbaycan Prezidentinin Mətbuat Xidməti avqustun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyanın cənab İlham Əliyevə zəng etdiyini, telefon danışığı zamanı tərəflərin ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə baş tutan Sülh Sammitinin birinci ildönümünü dəyərləndirdiklərini bildirir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev feysbuk hesabında yazıb.
Millət vəkili edilən zəngi bir növ minnətdarlıq zəngi saydığını bildirib:
"Çünki birincisi, regiona sülhü gətirən Azərbaycan Prezidentidir. İkincisi, bir il ərzində əldə edilən uğurların siyahısına nəzər saldıqda baxırsan bütün bunlar, yəni Ermənistanın bizim neft məhsulları ilə təmini, tranzit yüklərin ərazimizdən keçməklə ora və əks istiqamətdə daşınmasına qoyulan qadağanın aradan götürülməsi və sair dövlətimizin sülh gündəliyinə verdiyi töhfədir. Hətta deyərdim ki, Ermənistandakı 7 iyun seçkisinin bu cür bitməsində də Azərbaycan faktoru az rol oynamadı".
Onun sözlərinə görə, haqqında söhbət gedən digər məsələlərin - TRİP marşrutunun icrası, sülh prosesinin irəlilədilməsi isə artıq ilk növbədə Ermənistandan asılıdır:
"Rəsmi İrəvan sözdə buna hazır olduğunu bildirir. Bəs əməldə necə? Fikrimcə, bu suala birmənalı cavab vermək çətindir. Düzdür, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsində zamanında həvəsləndirildikləri işğalçılıqdan miras qalan obyektiv geosiyasi çətinliklər var. Amma Azərbaycan öz örnəyində göstərib ki, siyasi iradə ortaya qoyanda istənilən çətinliyi aşmaq mümkündür. Özü də o maneələri ki biz dəf etdik, indi Ermənistanın üzləşdiyi onların yanında heç nədir. Üstəlik, həmin maneələrin dəf olunmasında zamanında bizə mane törədənlərin önəmli bir hissəsi indi Ermənistanın yanındadırlar və qonşu ölkədən fərqli olaraq Azərbaycan da açıq, eyni zamanda da dolayı dəstəyini əsirgəyən deyil.
Bir sözlə, top qarşı tərəfin meydançasındadır və biz gözləyirik".
Aytəkin TOFİQQIZI













