Rusiyaya qarşı sanksiyalar artırıla bilər? - AÇIQLAMA
Hazırda Rusiya-Ukrayna müharibəsi davam edir. Müharibə ərəfəsində bir sıra dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edir.
Bəs gələcəkdə bu sanksiyalara qoşulan ölkələrin sayı arta bilərmi?
Politoloq Zeynal Əmrəliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Avropa ölkələri tərəfindən Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edilir və eyni zamanda Amerika Birləşmiş Ştatları da zaman-zaman Rusiyaya qarşı sanksiyalar tətbiq edir:
"Digər ölkələr də bu sanksiyalara qoşulur. Amerika ilə yaxın münasibətləri olan ölkələr məhz Rusiyaya qarşı bu cür sanksiyaların qəbul olunmasında və həyata keçirilməsində aktivlik göstərirlər və eyni zamanda, təbii ki, Ukraynanı dəstəkləyən dövlətlərdir.
Bu sanksiyalar son zamanlar Rusiya iqtisadiyyatına mənfi təsir göstərir. Xüsusilə də enerji sektoru ilə bağlı Rusiyada çox ciddi çətinliklər var. Məlum olduğu kimi, Rusiyanın böyük şəhərlərində yanacağın alqı-satqısı ilə bağlı növbələr yaranır. Bu da ümumilikdə, əlbəttə ki, Rusiya iqtisadiyyatına mənfi təsir göstərən amillərdəndir.
İndi Avropa ölkələri yenidən sanksiyalar paketi üzərində işləyirlər. ABŞ da təzyiq vasitəsi kimi sanksiyalara xüsusi önəm verir. Yeni sanksiyaların qəbulu Rusiya iqtisadiyyatında mənfi təsirləri daha da artıra bilər. Hazırda Rusiya iqtisadiyyatında durğunluq və geriləmə dövrüdür, bu proses daha da aktivləşə bilər".
Siyasi şərhçi düşünür ki, Rusiya üçün yeni bazarların tapılması, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir:

"Bu məsələdə Rusiyanın əsas güvəndiyi tərəf Şərq və Afrika ölkələridir. Məsələn, Çinlə, Hindistanla, eləcə də Afrika ölkələri və Şimali Koreya ilə Rusiya hərbi, iqtisadi və siyasi əlaqələrin qurulması üçün aktiv şəkildə zəmin hazırlayır. Gələcəkdə də yeni ölkələrin bu cür sanksiyalara qoşulması, əlbəttə ki, gündəmdə ola bilər".
Aytəkin TOFİQQIZI













