Azərbaycan və İran münasibətləri sınaqdan uğurla çıxıb - Mübariz Göyüşlü

 12:11 10.08.2026     656

İran Prezidenti Məsud Pezeşkian müharibə dövründə dəstək olan ölkələrdən bəhs edib.

“Azərbaycan yolları, bankımızı bağlamışdı. Zəng etdik, onlarla danışdıq. İki saat çəkmədi hər şey yenidən açıldı. Bank da, səfirlik də, yol da açıldı. Müharibə zamanı onlar bizə çox kömək oldu. İstər Rusiyanın malları olsun, istər öz mallarının daşınmasında nə istədik, kömək etdilər, dəstək oldular”, - deyə Pezeşkian bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana xoş sözlərə görə təşəkkür edib.

Bu barədə Redaktor.az-a danışan  "Müasir İnkişaf" İctimai Birliyinin sədri, crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, Azərbaycanla İran arasında münasibətlər hazırda çox gözəl və normal bir səviyyədədir:

"Naxçıvan hava limanına dron düşməsi ilə bağlı olan mübahisəli və problemli məsələni nəzərə almasaq, münasibətlər sınaqdan uğurla çıxıb. Bu, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Təbii ki, İran tərəfdən də Prezident Məsud Pezeşkian başda olmaqla Azərbaycanla normal münasibətlər qurmaq istəyən, qura bilən qruplar, qüvvələr o münasibətləri pozmaq istəyənlərin arzusunu gözündə qoydular.

İran müharibə dönəmində demək olar ki, əksər qonşuları ilə müharibə və gərginlik içində oldu. Raketlər atılırdı onların ərazisindən İrana, İrandan onların ərazisinə. Amma Azərbaycanla biz belə hal nəinki müşahidə etmədik, hətta İran Prezidentinin dediyi kimi, qarşılıqlı olaraq münasibətlərimizi yüksək qonşuluq, qarşılıqlı etimad, hətta qardaşlıq ruhunda qurduq".

Müsahibimiz vurğuladı ki, Azərbaycan İrana yardımlar edib:

"Ümid edirəm və inanıram ki, İran tərəfi bunu unutmayacaq. Azərbaycan İrana mümkün olan bütün humanitar dəstəyi və yardımları göstərmiş oldu. İndiki qonşu ölkələr arasında bundan daha yaxşı şəkildə münasibətlər ola bilməz.

Azərbaycan hər zaman çətin vəziyyətdə olan xalqlara, dövlətlərə yardım göstərib. Rusiyanın təzyiqlərinə baxmayaraq, Ukraynaya da humanitar yardım göstərir. Eyni zamanda, pandemiya vaxtı çətin vəziyyətdə olan Afrika ölkələrinə, bir sıra digər ölkələrə də yardımlar göstərdik. O zaman vaksin mülkiyyətçiliyi var idi, Avropa vaksinləri gizlədirdi, amma biz xarici ölkələrlə bölüşdük. Bakı da, Azərbaycan da hər zaman üzərinə düşən dostluq, qardaşlıq, mütəfəkkirlik ruhuna sadiq olub. İranla da münasibətlər bu şəkildə tənzimlənib".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən