"İran-Azərbaycan münasibətlərinin yaxşı olmasını hamı istəmir" - Deputat

 14:29 10.08.2026     932

"Qonşu İran öz dövlətçilik tarixinin çox mürəkkəb bir mərhələsindən keçir. Faktiki olaraq müharibə vəziyyətindədir. Eyni zamanda, iqtisadi sanksiyalardan əziyyət çəkir. Ətrafında olan ölkələrin bir çoxu ilə münasibətləri də arzulanan səviyyədə deyil. Yenə faktiki olaraq müharibə vəziyyətidir. Belə bir vəziyyətdə Azərbaycan İranın yanında oldu. İrana yardım göndərən ilk ölkə oldu və istər beynəlxalq müstəvidə, istərsə də qonşuluq münasibətləri çərçivəsində dost İrana hər zaman əlini uzatdı".

Redaktor.az-a bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana Azərbaycan haqqında səsləndirdiyi xoş sözlərə görə təşəkkür etməsindən danışarkən səsləndirdi.

Siyasətçinin fikrincə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın bu qonşuluq münasibətini və yardımını yüksək qiymətləndirməsi müsbət haldır:

"Çünki heç də hamı İran-Azərbaycan münasibətlərinin yaxşı olmasını istəmir. Bu mənada Azərbaycan Prezidentinin İran Prezidenti haqqında səsləndirdiyi fikirlər, əlbəttə ki, İran-Azərbaycan münasibətlərinin bizim üçün nə qədər əhəmiyyətli olduğunun göstəricisidir. Çünki Azərbaycan həmişə İranın rifah və sülh içərisində olmasını arzulayıb və həmişə də İranın mənafeyini qorumağa çalışıb. Ona görə də düşünürəm ki, iki prezidentin qarşılıqlı münasibətləri İrandakı digər siyasi düşüncə sahiblərinə də sirayət etməlidir. Onların da Azərbaycana baxışı məhz İran Prezidenti Məsud Pezeşkianın baxışı kimi olmalıdır. Çünki bizim ortaq maraqlarımız və ortaq coğrafiyanı bölüşməyimizin tarixi çox dərindir və gələcəkdə də belə olacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən