Pezeşkianın Azərbaycana təşəkkürü nə deməkdir? - Politoloqdan AÇIQLAMA
İran Prezidenti Məsud Pezeşkian müharibə dövründə dəstək olan ölkələrdən bəhs edib və öz növbəsində Azərbaycana təşəkkür edib. Daha sonra İlham Əliyevdə Azərbaycan haqqında səmimi fikirləri üçün Pezeşkiana təşəkkür edib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Qafar Çaxmaqlı bildirdi ki, İran hər şeydən əvvəl Azərbaycanla qonşu dövlətdir:
"İranda baş verən proseslər, yəni Amerika, İsrail və İran müharibəsi zamanı Azərbaycanın dəstəyini hiss etdi. Müharibə dövründə Azərbaycan bir neçə dəfə humanitar yardım göstərdi və qonşuluğun nə demək olduğunu ortaya qoydu. Bu mənada İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsi məmnunluq doğurur. Çünki İranda bəzi dairələr Azərbaycanı guya müharibə dövründə fərqli mövqe tutmaqda ittiham etmişdilər. Amma Azərbaycan mehriban qonşuluq siyasətini davam etdirir. İranla qarşılıqlı əlaqələrimiz bu gün də davam edir. Şübhəsiz ki, arada ortaya çıxan bəzi məsələlərin müzakirəsinə ehtiyac var. Bu, dövlətlərarası münasibətlərdə normal haldır. İran Azərbaycanın yaxın və dost ölkəsi olaraq qalmalıdır. Azərbaycan da bütün diplomatik gedişlərində bu məziyyətini qoruyur.

İranla gələcəkdə də əlaqələrin inkişaf etdirilməsi və Azərbaycanın bu regionda həyata keçirdiyi kommunikasiya layihələrinin, yəni bəzi infrastruktur layihələrinin reallaşdırılmasında İranın da iştirakının təmin olunması məsələləri gündəmdədir. "3+3" layihəsi çərçivəsində də İran-Azərbaycan münasibətləri inkişaf edə bilər. Regionda sülhü və sabitliyi qorumaq üçün İranla Azərbaycan arasında əlaqələrin genişlənməsinə çox böyük ehtiyac var. Bu, Azərbaycanın daha güclü və regionda daha möhkəm mövqeyə malik ölkəyə çevrilməsinə də töhfə verə bilər".
NURİYYƏ













