Azərbaycan hər zaman İranla mehriban qonşuluq siyasətinə sadiq qalıb - Deputat

 16:23 10.08.2026     595

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər çərçivəsində qonşularla əlaqələr öncül mövqedə dayanır. Məsələyə cənab Prezidentin müəyyən etdiyi xarici siyasət prizmasından qiymət versək, deməli, İranla münasibətlər Azərbaycan üçün strateji istiqamətlərdən biridir. Çünki İran bizim qonşu dövlətimizdir. İranla əlaqələrin inkişafı Azərbaycan üçün vacib məsələlərdən biridir və hər iki dövlət bir-birinin qarşılıqlı maraq dairəsində olan ölkələrdir".

Bu fikirləri Redaktor.az-a Azərbaycan-İran münasibətləri haqqında danışan deputat Elman Nəsirov bildirdi.

O əlavə etdi ki, İranda ayrı-ayrı vaxtlarda münasibətlərə xələl gətirə biləcək addımlar da atılıb, müəyyən anlaşılmazlıqlar da yaşanıb:

"Amma Azərbaycan dövləti hər zaman İranla mehriban qonşuluq siyasətinə sədaqət nümayiş etdirib. Bu sədaqəti İran dövləti və İran xalqı ABŞ və İsrailin İrana qarşı müharibəsi dövründə də hiss etdi. Azərbaycan İrana humanitar yardım göstərdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev İranın Azərbaycandakı səfirliyini ziyarət etdi. Orada İranın ali dini rəhbərinin və digər vəzifəli şəxslərin öldürülməsi ilə bağlı başsağlığı verdi. Azərbaycan heç bir zaman öz ərazisindən İrana qarşı üçüncü dövlətin istifadə etməsinə imkan verməyib. Bu, prinsipial siyasətdir və Azərbaycan hər zaman həmin siyasətə sədaqət nümayiş etdirib. Bu nöqteyi-nəzərdən İran Prezidenti Məsud Pezeşkianın müharibə dövründə İrana dəstək olan ölkələrdən bəhs edərkən Azərbaycana da təşəkkür etməsi təsadüfi deyil. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev də Pezeşkiana Azərbaycan tərəfindən səmimi fikirlərinə görə təşəkkür edib. Yəni münasibətlərimizin səviyyəsi belədir.

Düzdür, münasibətlərimizə xələl gətirmək istəyən qüvvələr də var. Bu qüvvələr İran daxilində də mövcuddur, üçüncü tərəflər arasında da var və onlar ikitərəfli münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş və müdrik siyasəti var. Məhz həmin siyasət sayəsində Azərbaycan bu gün uğurla inkişaf edir, beynəlxalq aləmdə böyük hörmətə sahibdir və etibarlı tərəfdaş kimi qəbul olunur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən