Paşinyan konstitusiyanı dəyişəcəkmi? - Politoloqdan AÇIQLAMA

 17:28 10.08.2026     648

Avqustun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Tərəflər Azərbaycan-Ermənistan arasında sülh prosesinin gedişini, sülh sazişinin ilkin paraflanmasını və ötən il ərzində münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişi müzakirə ediblər. 

Bəs bu telefon danışığı Ermənistanın Konstitusiyası dəyişdirilməsini tezləşdirə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirdi ki, avqustun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərində dialoqun artıq epizodik xarakter daşımadığını göstərən siyasi mesaj kimi qiymətləndirilə bilər:

"Tərəflərin sülh sazişinin ilkin paraflanması, münasibətlərin normallaşdırılması, iqtisadi-ticari əlaqələr və TRIPP marşrutu kimi konkret məsələləri müzakirə etməsi prosesin yalnız diplomatik müstəvidə deyil, praktiki istiqamətdə də irəlilədiyini göstərir. Bu telefon danışığı həm də 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmaların davamlı siyasi xəttə çevrildiyini nümayiş etdirir. Burada xüsusilə ABŞ Prezidenti Donald Trampın rolunun ayrıca vurğulanması diqqət çəkir. Vaşinqton formatının nəticəsi olaraq sülh prosesinə ABŞ-nin daha fəal şəkildə daxil olması Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. TRIPP marşrutunun gündəmə gəlməsi isə məsələyə regional kommunikasiyaların və iqtisadi inteqrasiyanın inkişafı baxımından yanaşmağa imkan verir. Bu baxımdan, sülhün siyasi sənəddən real iqtisadi əməkdaşlığa çevrilməsi hər iki tərəfin marağındadır".

Müsahibimiz vurğuladı ki, telefon danışığının Ermənistan Konstitusiyasına mümkün təsirinə gəldikdə isə, məncə, burada birbaşa səbəb-nəticə əlaqəsi qurmaq düzgün olmaz:

"Lakin dolayı təsir kifayət qədər ciddi ola bilər. Azərbaycan yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasını əsas şərtlərdən biri kimi irəli sürüb. Ermənistan hökuməti isə yeni konstitusiya layihəsi üzərində işləyir və referendum məsələsini gündəmdə saxlayır. Bununla belə, hazırkı mərhələdə Paşinyanın parlamentdə bu prosesi təkbaşına təmin edəcək siyasi çoxluğa malik olmadığı da nəzərə alınmalıdır. Bu səbəbdən, 8 avqust telefon danışığını konstitusiya dəyişikliyinin dərhal sürətləndirilməsi barədə razılaşma kimi deyil, həmin istiqamətdə siyasi təzyiq və motivasiyanı artıran amil kimi qiymətləndirmək daha doğru olar. İstənilən halda Konstitusiya dəyişikliyi bir öhdəlikdir və Paşinyan istənilən vasitədən istifadə edərək bu öhdəçiliyin icrasını təmin etməlidir. Ümumiyyətlə isə bu telefon danışığı sülh prosesinin artıq praktiki addımlar mərhələsinə keçdiyini göstərir. Konstitusiya dəyişikliyi isə həmin növbəti mərhələnin ən mürəkkəb daxili-siyasi məsələlərindən biri olaraq qalır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən