"Azərbaycan və İranın yaxınlığı düşmənləri ümidsizləşdirir” - İranın keçmiş səfirindən AÇIQLAMA
"Bu həssas dövrdə iki ölkə İran və Azərbaycan arasında prezidentlərin yaxın münasibətləri və səsləndirdikləri xoş sözlər, demək olar ki, həm İranda, həm də Azərbaycanda insanlara müsbət təsir edir. Əgər kimlərsə İran-Azərbaycan münasibətlərinin zəifləməsini, başqa istiqamətə yönəlməsini və iki ölkə arasında yaxınlığın olmamasını istəyirsə, təbii ki, bu münasibətlər onları narahat edir. Amma ümumiyyətlə, İran Prezidenti Məsud Pezeşkianın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi həmişə bu olub ki, biz qardaş, dost və qonşu ölkələrik və bir-birimizin yanında olmalıyıq. Həm xoş gündə, həm də acı gündə".
İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani Redaktor.az-a bu fikirləri səsləndirdi.
"Ümumiyyətlə, Pezeşkian prezident olduqdan sonra Azərbaycan-İran əlaqələri, demək olar ki, müsbət istiqamətdə inkişaf edib. Baxmayaraq ki, bəzi müxalif qüvvələr bunun belə olmaması üçün çalışıblar, amma münasibətlər bu istiqamətdə davam edib. Bu həssas dövrdə də Azərbaycan həm İrana yardım göndərib, həm Rusiyanın İrana göndərdiyi yardımların Azərbaycan ərazisi vasitəsilə keçməsinə şərait yaradıb, həm də Xəzər dənizi vasitəsilə bunun üçün imkan yaradıb. Bu, özlüyündə iki xalqı bir-birinə daha da yaxınlaşdırır, bağlayır və dövlətlərarası münasibətləri gücləndirir. Bunun regiona da təsiri var. Beynəlxalq aləmdə və regionda bu məsələlər izlənilir. Görünür ki, əlaqələr bu səviyyədədir və həssas bir dövrdə Azərbaycanla İran bir-birinin yanındadır. Eyni zamanda, münasibətlər düzgün istiqamətdə inkişaf etdirilir. Məncə, bütün bunlar bir sərmayədir. Bizim ənənələrimizə, müştərək tariximizə, mədəniyyətimizə və qonşuluğumuza əsaslanan böyük bir sərmayədir. Biz bunları qorumalı və əlaqələrimizin təməlini daha da gücləndirməliyik ki, bu əsaslar üzərində müxtəlif sahələrdə – mədəni və iqtisadi istiqamətlərdə – daha sıx əlaqələr qura bilək. İnşallah, bu, həm iki xalqa, həm də bütövlükdə regiona xeyirli olacaq".
O qeyd etdi ki, nə qədər biz bir-birimizə yaxın olsaq, düşmənlər bir o qədər ümidsizləşər:
"Görərlər ki, onların təsir cəhdləri nəticə vermir. Ona görə də bu, çox vacib məsələdir. İnşallah, xalqlar arasında gediş-gəliş də çoxalar, qarşılıqlı inam və etimad güclənər, əlaqələrimiz daha davamlı, dərin və möhkəm olar. İki prezidentin bu məsələlərə yanaşmaları, danışdıqları və mövqeləri də məhz bu baxımdan çox əhəmiyyətlidir".
Xədicə BAXIŞLI













