"Sülh prosesinin müəllifi Azərbaycan Prezidentidir" - Tural Gəncəliyev

 10:53 11.08.2026     540

"Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və tərəflər əsasən Vaşinqton bəyanatından keçən bir il ərzində postmünaqişə dövründəki sülh prosesini müzakirə ediblər. Təbii ki, burada Amerikada imzalanmış üçtərəfli sülh müqaviləsi layihəsinin paraflanması və birgə bəyanatdan sonra yaranmış reallıqları da müzakirə ediblər. Bu, çox önəmlidir. Çünki hansısa bir vasitəçi, üçüncü tərəf olmadan Ermənistan Baş naziri artıq şəxsən bizim ölkə rəhbərimizə zəng edir. Bu özü ölkələrimiz arasında güclü sülh prosesinə sadiqlik olduğunu bir daha nümayiş etdirir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

"Təbii ki, bu sülh prosesinin müəllifi, təşəbbüsü, banisi məhz Azərbaycan Prezidenti və Azərbaycandır. Əbəs yerə deyildir ki, Ermənistan-Azərbaycan arasında ikitərəfli dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin layihəsinin təşəbbüskarı Azərbaycan olmuşdur. Azərbaycan Prezidenti Cənubi Qafqazda yeni reallıq yaradıb və təbii ki, yeni reallığı yaratdığına görə artıq Cənubi Qafqazı da sülh platformasına çevirib".

Millət vəkilinin sözlərinə görə, Ermənistan Baş nazirinin telefon zəngini çox önəmli hesab etmək olar:

"O mənada ki, Azərbaycanın regionda güclü aktor olmasını, bizim cənab prezidentin oynadığı rolu bütün dünya, o cümlədən Ermənistan qəbul edir, bunun fərqindədir. Ümid varıq ki, Cənubi Qafqazın ətrafında gedən böyük geosiyasi təlatümlərə — şimalda Rusiya-Ukrayna müharibəsi, cənubda Yaxın Şərq müharibəsinin eskalasiyasının artmasına baxmayaraq, Cənubi Qafqazın sülh platforması, sülh əməkdaşlığı kontekstində inkişaf etdirilməsi istiqamətində heç bir problem olmayacaq və biz öz sülh prosesinə sadiqliyimizi Ermənistanı da bu prosesə cəlb etməklə bütün dünyaya bir daha sübut etmiş olduq və bundan sonra da edəcəyik".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən