"İran ABŞ ilə danışıqlardan vaxt qazanmaq üçün istifadə edir" - AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp Tehranla müəyyən mənada danışıqlar aparıldığını, amma İran rəsmilərinin çox hiyləgər olduqlarını və dürüst olmadıqlarını bildirib.
“Mən müəyyən mənada danışıqlar aparıram. Amma onlar (İranın danışıqlar aparan nümayəndələri) nəyəsə razılaşırlar, sonra isə mediaya belə bir şey etmədiklərini deyirlər. Buna görə də onlar dürüst insanlar deyillər, hiyləgərdirlər”, - Amerika lideri qeyd edib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə tədqiqatçıHəşim Səhrabalı bildirdi ki, onsuz da fars diplomatiyasında bu, tarix boyu davam edən bir ənənə halını alıb:
"Nədir bu? Çətin vəziyyətə düşdükləri zaman diplomatik manevrlər edirlər. Razılaşma əldə etmək və yaxud qarşı tərəfin şərtlərini qəbul etmək kimi görünən addımlar ataraq vaxt qazanırlar. Həmin vaxt ərzində də boşluqları aradan qaldırmaqla qüvvələrini, imkanlarını toplayıb yenidən mübarizəyə başlayırlar. Əslində, bu, təkcə fars diplomatiyasına xas olan xüsusiyyət deyil. Ümumiyyətlə, diplomatiyada bu cür taktikalardan bir çox millətlər və dövlətlər tarixən də, bu gün də istifadə ediblər və yəqin ki, gələcəkdə də istifadə edəcəklər. Sadəcə, bu diplomatiyanı məharətlə həyata keçirməyi bacaran azsaylı xalqlar var. Bunlardan biri də farslardır. Tramp da məhz buna diqqət çəkir. Əslində, Tramp özü də başa düşür ki, fars diplomatiyasının, yəni hazırkı İran hakimiyyətinin etdiyi siyasət çətin vəziyyətə düşəndə diplomatik kanalları açmaq, danışmaq, vaxt qazanmaq, vaxt qazandıqca da yenidən özünü toparlamaq və ya mövcud boşluqları aradan qaldırmaq üzərində qurulub".

Müsahibimiz maraqlı məqamlardan birini də vurğuladı:
"Amerikanın özü də bu siyasəti məharətlə həyata keçirən tərəflərdən biridir. Hazırda həm İran, həm də Amerika əslində Trampın dediyi şeyi edirlər. Hər iki tərəf qüvvələr tükənəndə və yaxud ciddi boşluqlar yarananda, problemlər ortaya çıxanda diplomatiyanı ön plana çəkir. Özlərini qarşı tərəfin şərtlərini qəbul etmiş və ya bu istiqamətdə addım atmış kimi göstərirlər, vaxt qazanırlar. Həmin müddət ərzində mövcud boşluqları aradan qaldırır, daha sonra isə yenidən öz tələblərini sərtləşdirirlər. Bunu həm ABŞ, həm də İran edir. Burada məqsəd də aydındır. İran da, ABŞ də anlayır ki, problemləri həll etmədən sərt diplomatiyaya və yaxud hərbi əməliyyatlara davam etmək həm problemlərin miqyasını böyüdə, həm də yeni yaralar aça bilər. Bu da ümumi münaqişənin gedişatında həmin tərəf üçün ciddi mənfi nəticələrə gətirib çıxara bilər. Ona görə də vaxt qazanırlar. Həmin müddətdə boşluqları aradan qaldırır, dəstək tapır, dəstək qazanır və çatışmazlıqları bərpa edirlər. Beləliklə, münaqişənin və qarşıdurmanın gedişatını yenidən öz xeyirlərinə çevirəcək addımlar atırlar".
NURİYYƏ













