"Bu, yeni bir mərhələnin başlanğıcıdır” - Fariz İsmayılzadə sülh prosesindən DANIŞDI
Bildiyimiz kimi, dünən ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb.
Bir il ərzində əldə olunan nəticələri sülh prosesinin real irəliləyişi kimi qiymətləndirmək olarmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, bu Cənubi Qafqazın tarixində önəmli bir mərhələdir:
"Çünki ilk dəfə son 30 ildə sülhdən, əməkdaşlıqdan, regional inteqrasiyadan söhbət gedir və bu il kifayət qədər sabit keçdi. Yəni atəşkəs də pozulmadı, provokasiyalar da olmadı. Hər iki ölkə həm iqtisadi, həm də siyasi cəhətdən dialoqu möhkəmləndirir, qarşılıqlı səfərlər baş verir, ticarət əlaqələri yaradıblar. İlk dəfədir ki, tranzit mallar keçirilir və mən hesab edirəm ki, bu, Cənubi Qafqazın tarixində yeni bir səhifənin başlanğıcıdır.
Müsahibimiz əlavə etdi ki, prezidentimiz həm qələbəni döyüş meydanında, həm də sülh gündəliyində əldə etdi və beləliklə, böyük nəticələrə nail oldu:
"Amma qarşıda görüləsi işlər də çoxdur. O cümlədən, TRIPP dəhlizinin qurulması, yaradılması, Zəngəzur dəhlizinin açılması və sairə. Yəni burada hələ görüləsi çox iş var və Amerika hökumətinin də dəstəyinə biz ümidvarıq".
Xədicə BAXIŞLI













