Zəngəzur dəhlizi bölgənin nəqliyyat xəritəsini dəyişə bilər - AÇIQLAMA

 17:53 11.08.2026     539

"Azərbaycan və Ermənistan arasında əldə olunan ən böyük nailiyyət, şübhəsiz ki, ölkələrimizin sülh şəraitində yaşamasıdır. Bu, çox önəmli faktordur. Ona görə ki, istənilən sülh quruculuğu prosesinin əsasında məhz sülh şəraitində yaşamaq, bununla bağlı siyasi iradə və mövqe sərgiləmək dayanır. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunan razılaşmaları və imzalanan sənədləri də bu məsələdə, bu kontekstdə çox mühüm əhəmiyyətə malik hadisələr kimi xüsusilə vurğulamalıyıq. Nəticə etibarilə əsas məqsəd sülh şəraitində yaşamaq, bunu daha dayanıqlı etmək üçün zəruri addımların atılması və son nəticədə iki ölkə arasında sülh müqaviləsinin bağlanmasıdır. Bu baxımdan düşünürəm ki, burada əsas nailiyyət məhz sülh şəraitinin bərqərar olması ilə bağlıdır".

Redaktor.az-a bu fikirləri Milli Məclisin deputatı Azər Allahverənov ABŞ, Azərbaycan və Ermənisranın  Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yaymasından danışarkən səsləndirdi.

Siyasətçi bildirdi ki, digər çox vacib məsələ Azərbaycan-Ermənistan arasında kommunikasiyaların açılmasıdır:

"Hazırda, düzdür, bu, hələlik birtərəfli qaydada, məhz Azərbaycanın öz sülh prinsiplərinə sadiqliyini və sülh gündəliyinə uyğun olaraq sərgilədiyi siyasət nəticəsində baş verir. Azərbaycan üzərindən Rusiya və Qazaxıstana məxsus tranzit yüklərin Ermənistan istiqamətində daşınmasını, o cümlədən Azərbaycanın özündən kritik neft məhsullarının kommersiya məqsədilə Ermənistana ixrac olunmasını da xüsusilə qeyd etməliyik. İndi gözlənilən odur ki, Ermənistan tərəfi də bununla bağlı adekvat addımlar atsın və nəticə etibarilə bölgədə kommunikasiyaların açılması üçün əlverişli şəraitin yaradılmasına özü də töhfə versin. Azərbaycan artıq bu məsələdə çox vacib addımını atıb. Bundan başqa, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı mövcud çox vacib məsələlərin, ən azından onların texniki tərəflərini özündə ehtiva edən işlərin sonrakı mərhələdə sənədlərdə də öz əksini tapması, texniki reqlamentin qəbul olunması və digər məsələlər çox önəmli hal kimi dəyərləndirilir. Digər çox vacib nailiyyət isə Zəngəzur dəhlizi ilə bağlı məsələdir. TRIPP layihəsinin, yəni beynəlxalq sülh və rifah naminə “Tramp marşrutu” kimi sənədlərdə öz əksini tapmış bu layihə həm də bölgəyə dayanıqlı sülhün gətirilməsini şərtləndirir".

A.Allahverənov əlavə etdi ki, bu məsələdə 2026-cı ilin birinci yarısında məhz ABŞ şirkətlərinin iştirakı ilə müəyyən hazırlıq işlərinin, xüsusilə geodeziya və kartoqrafiya ilə məşğul olan qurumların müəyyən koordinatların, yer səthinin öyrənilməsi və digər məsələlərlə bağlı tədqiqatlar aparmasını xüsusilə qeyd etməliyik:

"Burada gözlənilən odur ki, artıq masa üzərində olan, 43 kilometrlik ərazini əhatə edən marşrutun eskizləri xəritələrdə öz əksini tapmaqdadır və 2026-cı ilin sonuna qədər nəhayət Zəngəzur dəhlizinin inşası prosesinə start verilsin. Bu da çox önəmli məsələdir. ABŞ-nin bununla bağlı ayırdığı 145 milyon ABŞ dolları həcmində vəsaitin sonrakı mərhələdə artırılmasına dair qərarın verildiyini də gördük və bu da çox önəmli məsələdir. Biz görürük ki, bu tipli məsələlər, şübhəsiz ki, sülh prosesinin real şəkildə irəliyə aparılmasına xidmət edir. Burada sülh şəraiti nə qədər kövrək olsa da, tərəflərin bu məsələdə əzmkarlığı və siyasi iradəsi mümkün mərhələdə yeni nailiyyətlərin əldə olunmasını şərtləndirir. Bundan başqa, ABŞ-nin bu proseslərdə iştirakı, o cümlədən bu sahəyə investisiya ayırması ilə bağlı verdiyi qərarlar da çox vacib nailiyyətlər kimi dəyərləndirilə bilər. Çünki bu günə qədər ABŞ-nin bölgədə iştirakı daha çox Ermənistan-Azərbaycan münaqişəsi prizmasından irəli gələrək siyasi mahiyyət daşıyırdı və bəzi hallarda epizodik, fraqmentar xarakter daşıyırdı.

Amma artıq iqtisadi müstəvidə ABŞ-nin çox fəal şəkildə proseslərə daxil olması həm də ondan xəbər verir ki, bu ölkənin Cənubi Qafqaz bölgəsi ilə bağlı xarici siyasət kursunda ciddi dəyişiklik baş verməkdədir. Bu dəyişiklik bilavasitə həm də bölgə ölkələrinin milli maraqlarına cavab verəcək tərzdədir. Çünki burada söhbət sülhdən, sabitlikdən, təhlükəsizliyin təmin olunmasından və əmin-amanlıqdan gedir".

Müsahibimizin fikrincə TRIPP marşrutu bütövlükdə bölgənin nəqliyyat-logistika arxitekturasının mənzərəsini dəyişməyə qadir olmaqla yanaşı, dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olmasına xidmət edən bir layihə kimi də dəyərləndirilməlidir:

"Bu baxımdan, bir il ərzində bu istiqamətdə əldə olunan nailiyyətlər daha da mühüm əhəmiyyətə malikdir. Bu prosesin davamlı şəkildə irəliyə aparılması eyni zamanda Azərbaycan üçün yeni geosiyasi əhəmiyyətli imkanların qazanılmasına da səbəb olur. Bir tərəfdən Avrasiya üçün önəmli olan inteqrasiya layihələrini Zəngəzur dəhlizi üzərindən həyata keçirməklə yanaşı, Naxçıvanla Azərbaycanın əsas ərazisini əlaqələndirmək, digər tərəfdən isə Naxçıvan üzərindən qərbə doğru beynəlxalq yüklərin daşınması, o cümlədən enerji resurslarının qərbə doğru ixrac edilməsi üçün çox əlverişli şərait yaradır. Bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasına, etibarlı tərəfdaş kimi mövqeyinin daha da güclənməsinə gətirib çıxaran başlıca amil kimi dəyərləndirilməlidir.

Düşünürəm ki, bu istiqamətdə əldə olunan uğurlar, bir il ərzində sadaladığım gələcəyə hesablanmış perspektivlərin effektiv şəkildə həyata keçirilməsi üçün əlverişli mühit yaradır. Azərbaycanın sentyabr ayında ABŞ-də keçiriləcək G20-yə dəvət alması, bundan başqa, bir çox çox vacib sülh proseslərində iştirak etməsi, xüsusilə də Sülh Şurası və digər platformalarda təmsil olunması təbii ki, ölkəmizin geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, həm də mühüm regional aktor qismində Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən inteqrasiya layihələrinin əsas lokomotivlərindən olan bir dövlətə çevrilməsinə səbəb olur. Bu da nəticə etibarilə ölkəmizin xarici siyasət kursunda özünü büruzə verən qarşılıqlı əməkdaşlıq və hörmət prinsiplərinə söykənən, eyni zamanda praqmatikliyi özündə ehtiva edən yanaşmanın nəticəsidir. Bu baxımdan ölkəmizin diplomatiyasının da bu məsələlərdə çox böyük rolu var. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu xarici siyasət kursu nəticə etibarilə ölkəmizin daha da inkişaf etməsi üçün əlverişli beynəlxalq mühitin yaradılmasına xidmət edir. Eyni zamanda Azərbaycanın tərəfdaşı olan və sonrakı mərhələdə strateji tərəfdaşlıq səviyyəsinə qaldırılacaq əlaqələrinin olduğu ölkələrin sayı gündən-günə artmaqdadır. Bu da həm ölkəmizə olan rəğbətin artmasının bariz nümunəsidir", - deyə millət vəkili yekunlaşdırıd.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən