"Prezidentin səfəri Naxçıvanın ən yeni tarixinin qapılarını açır" - Millət vəkili

 11:50 12.08.2026     950

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün Naxçıvana səfərə gediblər. Dövlət başçısı və xanımı Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində və Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. Bunlarla yanaşı İlham Əliyev və xanımı digər təməlqoyma mərasimlərində iştirak ediblər və yenidənqurma işləri ilə də tanış olublar.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycan Prezidentinin Naxçıvana səfəri Naxçıvanın ən yeni tarixinin qapılarını açır:

"Çünki Naxçıvan Azərbaycanın strateji dayaq mərkəzlərindən biridir. Çox mühüm, əhəmiyyətli hərbi, siyasi, geostrateji keyfiyyətlərə malikdir. Amma məhz Naxçıvanın bu qədər əhəmiyyətli olduğunu dərk edən kənar qüvvələr Naxçıvanın Azərbaycan ərazisi ilə quru əlaqəsini kəsmişdilər. Yəni 1921-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan qoparılması nəticəsində Naxçıvanın Azərbaycandan quru əlaqəsi kəsilmişdi. Bu gün artıq biz bu quru əlaqəsini müxtəlif kommunikasiyalarla bərpa edirik. Hələlik dəmir yolu, avtomobil yolu kommunikasiyalarından istifadə olunur və Naxçıvanın öz tarixi rolunu Azərbaycan Prezidentinin bu səfəri özünə qaytaracaq. Amma bir qədər də daha geniş məsələlərə baxmağa çalışsaq, görəcəyik ki, Naxçıvan bu gün dünyada müzakirə olunan TRİPP marşrutunun bir seqmentinə çevrilməkdədir".

Millət vəkili vurğuladı ki, Naxçıvanın əhəmiyyəti bu gün sadəcə Azərbaycanla quru əlaqələrinin kommunikasiya vasitələri ilə bərpası ilə məhdudlaşmır:

"O, Böyük İpək Yolunun orta xəttinin mühüm seqmentinə, yükdaşıma və nəqliyyat-kommunikasiya qovşağına çevrilir. Bu isə Naxçıvanın inkişafına böyük təkan verəcək. Əlbəttə ki, Naxçıvan bu qədər coğrafi əhəmiyyətli, stratejidirsə, o zaman heç şübhəsiz ki, Azərbaycan Prezidentinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargahını ziyarət etməsi də təsadüfi sayıla bilməz. Çünki onun təhlükəsizliyinin təminatı hər zaman olduğu kimi, bu gün də aktualdır.

Eyni zamanda, diqqət çəkiləsi məqamlardan biri də Naxçıvan Sənaye Parkının yaradılmasıdır. Naxçıvanda su elektrik, günəş elektrik stansiyalarının quraşdırılmasıdır ki, bu da vaxtilə qonşu ölkələrdən bir neçə saat ərzində heç olmasa elektrik enerjisi almağa möhtac olan Naxçıvanı bu gün elektrik ixracatçısına çevirəcək. Ona görə də, əlbəttə, Azərbaycanın Naxçıvana 17-ci səfəri, düşünürəm ki, tarixi bir səfər kimi yadda qalacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən