“Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan indikindən çox-çox fərqli olacaq” - Fazil Mustafa

 11:16 12.08.2026     718

"Prezident İlham Əliyevin Naxçıvana səfəri çox mühüm əhəmiyyət daşıyır. Xüsusilə də Naxçıvan şəhərinin baş planı ilə tanış olması və bu istiqamətdə müvafiq göstərişlər verməsi çox önəmli idi. Çünki bu gün Naxçıvanda həm mülkiyyət münasibətlərinin həlli, həm də perspektiv inkişafla bağlı bütün planlaşdırma ilk növbədə əhalinin məşğulluq probleminin həllinə müsbət təsir göstərməlidir".

Bu fikirləri Redaktor.az-a prezidentin dünənki Naxçıvan səfəri haqqında danışan millət vəkili Fazil Mustafa bildirdi.

Deputat qeyd etdi ki, yolun bağlı olması səbəbindən Naxçıvan əhalisi üçün ən böyük problemlərdən biri məşğulluq məsələsidir. Digər mühüm məsələ isə xüsusi istehsal müəssisələrinin yaradılmasıdır.

"Burada Sənaye Parkının açılması çox böyük əhəmiyyət daşıyır. Bu, ən azı xeyli sayda yeni iş yerinin açılmasına imkan yaradır. Naxçıvanda ilk növbədə məhz sənaye profilli müəssisələrin yaradılması vacibdir. Çünki istehlak xarakterli, müəyyən təyinatlı obyektlərin olması işsizliyin azaldılmasına müəyyən dərəcədə təsir göstərir. Amma daha çox xarici ixrac üzərində qurulan istehsal modeli və sənayenin inkişafı vacibdir. Naxçıvanın enerji probleminin həlli istiqamətində, xüsusilə də günəş enerjisindən istifadə məsələsi çox vacibdir. Bu istiqamətdə görülən işlərlə prezidentin tanış olması və tövsiyələrini verməsi də mühüm əhəmiyyət daşıyır. Bu günlərdə mən Naxçıvandan geri qayıtmışam və orada gedən prosesləri müsbət mənada müşahidə etmişəm. Xüsusilə də Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı potensialının gücləndirilməsi vacibdir. Əhalinin həyətyanı təsərrüfatlarında daha çox əkinçilik və tərəvəzçiliklə məşğul olması üçün su təchizatının təmin edilməsi böyük əhəmiyyət daşıyır. Bu il digər dövrlərdən fərqli olaraq yağıntıların çox olması səbəbindən su anbarlarında kifayət qədər su toplanıb. Bu fürsətdən ağıllı istifadə olunmalıdır ki, gələcəkdə suvarma potensialını daha da artırmaq mümkün olsun".

Müsahibimiz düşünür ki, prezidentin bu səfərinin Naxçıvanın turizm potensialının inkişafı və mədəni abidələrin bərpası istiqamətində görülən işlər baxımından da mühüm əhəmiyyət daşıyır:

"Xüsusilə də Möminə Xatun türbəsinin təmirinə kifayət qədər böyük vəsait ayrılıb. Onun təmiri ilə bağlı proseslərin prezidentin diqqətindən kənarda qalmadığını gördük. Bu, dövlət başçısının həmin məsələyə xüsusi önəm verdiyini göstərdi. Bütövlükdə bu səfər çox mühüm strateji əhəmiyyət daşıyır. Xüsusilə də Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi texnikanın daha yüksək hazırlıq vəziyyətində saxlanılması bütün hallarda Naxçıvanın nə qədər strateji əhəmiyyət daşıdığına prezidentin xüsusi önəm verdiyini göstərir. Təbii ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan indikindən çox-çox fərqli olacaq və daha inkişaf etmiş tranzit məkanına çevriləcək. Amma indiki şərtlərdə, xüsusilə də əsasən yalnız təyyarə vasitəsilə əlaqəsi olan Naxçıvanın müəyyən dərəcədə inkişafının təmin edilməsi və ən azı əhalinin orada məskunlaşmasına şərait yaradılması ən vacib prioritetlərdən biridir. Prezident də öz mesajlarında məhz bu məqamlara xüsusi diqqət yetirib".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən