"Yaxın gələcəkdə Zəngəzur dəhlizi funksional dəhlizə çevriləcək” - Tural Gəncəliyev

 11:59 12.08.2026     863

"Azərbaycan Prezidenti Naxçıvana səfəri zamanı verdiyi müsahibədə çox önəmli aspektlər haqqında danışdı. Bu aspektlərdən biri də, təbii ki, Zəngəzur dəhlizinin xüsusi əhəmiyyəti ilə bağlı idi. Prezidentin vurğuladığı kimi, biz bu dəhlizin fəaliyyət göstərməsi istiqamətində əvvəllər də addımlar atmışıq, indi də bu istiqamətdə addımlayırıq və əminəm ki, yaxın gələcəkdə bu, funksional bir dəhliz olacaq".

Milli Məclisin deputatı Tural Gəncəliyev Redaktor.az-a Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi mühasibədən danışarkən səsləndirdi.

"Həqiqətən də, Zəngəzur dəhlizi Orta dəhlizin çox önəmli komponenti, hətta deyərdim ki, ən önəmli komponenti kimi Şərqdən Qərbə minlərlə kilometr uzanan, Çindən Avropaya gedən böyük bir yolu birləşdirir. Bu dəhlizin fəaliyyətə başlamasına gedən yol, təbii ki, Azərbaycanın Ermənistan üzərində çox uğurlu, çox güclü qələbə qazanması nəticəsində mümkün olub. Prezidentin də vurğuladığı kimi, bu, yeni bir reallıqdır. Ermənistan kapitulyasiya aktını imzalayıb. Əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı, biz torpaqlarımızı işğaldan azad etməsəydik, indi heç kim nə Zəngəzur dəhlizi haqqında danışardı, nə də Orta dəhlizin önəmi dünyada bu qədər qabarmış, gündəmə gəlmişdi".

Siyasətçi vurğuladı ki, Azərbaycan bir növ qlobal bir layihəyə təkan verdi:

"Qlobal layihənin bir hissəsi çatışmırdı. Sanki bir pazl təsəvvür edək: pazlın çatışmayan, kiçik olsa da, bir hissəsi yox idi. Biz həmin hissəni ora yerləşdirməklə, Zəngəzur dəhlizinin açılması istiqamətində töhfə verməklə böyük bir qlobal imici bütövləşdirmiş olduq. Bu baxımdan, prezidentin vurğuladığı kimi, Azərbaycanın yaratdığı reallıq, Ermənistanın kapitulyasiya aktını imzalaması heç də alçaldıcı, təhqiramiz bir situasiya deyildir. Bu situasiya xüsusilə də Azərbaycanın yaratdığı reallıqdan irəli gəlir və biz bunu nəzərə alırıq və alacağıq", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən