"Prezidentin hər bir müsahibəsində incə məqamlarla rastlaşırıq" - Sahib Alıyev
"Azərbaycan Prezidenti İlham Əliyevin AzTV-yə müsahibəsi onu göstərir ki, bəzi qonşularımızın Azərbaycanın həssas hissəsi gözündə gördükləri Naxçıvanın hərbi, enerji və iqtisadi potensialı əhəmiyyətli dərəcədə artırılmaqla yanaşı, o, önəmini demək olar ki, bütün dünyanın hiss edəcəyi kommunikasiya qovşağına, bağlantı mərkəzinə çevriləcək".
Redaktor.az xəbər verir ki, bunu deputat Sahib Alıyev feysbuk hesabında paylaşıb.

"Azərbaycan Prezidentinin hər bir müsahibəsində detallara varmadan diqqətə çatdırılan incə məqamlarla rastlaşırıq ki, onlardan biri də, məncə, Naxçıvanın Atabəylər dövlətinin paytaxtı olmasının xatırladılması idi. Tarixdən az-çox xəbərdar olanlar bilirlər ki, burada söhbət Böyük Səlcuq imperiyasının parçalanmasından sonra Azərbaycan, İran, İraq və Şərqi Anadolunu əhatə edən qüdrətli türk dövlətindən gedir. Maraqlıdır ki, İranla İraq üzərində nəzarəti gücləndirmək məqsədilə paytaxt öncə Həmadana, ardından da Təbrizə köçürüləndə də Naxçıvan öz əhəmiyyətini qoruyub saxlamışdı. Onun rəsmi olaraq ikinci paytaxt statusu vardı.
Yəni cənab prezidentin də sözügedən müsahibəsində xatırladığı kimi, Ulu Öndər Heydər Əliyevi də yetirən Naxçıvan həmişə Azərbaycanın qüdrət rəmzlərindən biri olub və olacaq. Və heç təsadüfi deyil ki, dövlətimizin başçısı Naxçıvandakı quruculuq prosesindən, orada atılan və atılması planlaşdırılan addımlardan bəhs edərkən: “Bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır”, – deyir".
Aytəkin TOFİQQIZI













