Prezidentin səfərindən sonra hansı imkanlar açılır? - Politoloq DANIŞDI
"2026-cı il avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri təkcə növbəti prezident səfəri deyil, Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm istiqamətlərini nümayiş etdirən əhəmiyyətli siyasi hadisə kimi qiymətləndirilməlidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Qəvami Sadıqbəyli bildirdi.
Müsahibimiz əlavə etdi ki, prezidentin səfərinin proqramına nəzər saldıqda aydın görünür ki, burada söhbət yalnız ayrı-ayrı layihələrin açılışından və ya hərbi tədbirlərdən getmir:
"Səfər Azərbaycanın qədim diyarının təhlükəsizliyinin möhkəmləndirilməsini, iqtisadi potensialının artırılmasını, enerji müstəqilliyinin gücləndirilməsini, nəqliyyat imkanlarının genişləndirilməsini və Naxçıvanın regionda strateji mərkəzə çevrilməsini nəzərdə tutan kompleks yanaşmanın növbəti mərhələsidir. Səfərin ən mühüm məqamlarından biri Əlahiddə Ümumqoşun Orduda yeni yaradılmış komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi oldu. Bu hadisə təsadüfi deyil. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması onun müdafiə və təhlükəsizlik məsələlərinə xüsusi yanaşmanı tələb edir. Məhz buna görə Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanın hərbi potensialının gücləndirilməsi uzun illərdir dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Yeni komando hissələrinin yaradılması, onların müasir silah sistemləri və hərbi-texniki vasitələrlə təchiz olunması Naxçıvanın müdafiə imkanlarının yeni mərhələyə yüksəldiyini göstərir.
Prezidentin səfər zamanı verdiyi mesajların ən mühümlərindən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının yaradılması artıq yalnız milli layihə deyil. Bu marşrut Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm regional layihəyə çevrilməkdədir. Naxçıvan dəmir yolunun yenidən qurulması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan tərəfi Naxçıvan ərazisində dəmir yolu infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasını və gələcəkdə böyük həcmdə yük daşınmasını təmin etməyi qarşıya məqsəd qoyub. Əgər bu dəhliz vasitəsilə ildə 15 milyon ton və daha artıq yükün daşınması mümkün olarsa, Naxçıvanın iqtisadi siması ciddi şəkildə dəyişə bilər. Yeni logistika mərkəzləri, xidmət sahələri, anbar kompleksləri, istehsal müəssisələri və minlərlə yeni iş yeri yarana bilər. Beləliklə, uzun müddət coğrafi mövqeyinə görə müəyyən məhdudiyyətlərlə üzləşən Naxçıvan gələcəkdə həmin coğrafi mövqeyini böyük iqtisadi üstünlüyə çevirə bilər".

Şərhçimiz diqqətə çatdırdı ki, səfərin digər mühüm istiqaməti enerji təhlükəsizliyi və yaşıl enerjinin inkişafı ilə bağlıdır:
"Naxçıvanın mövcud generasiya gücünün artırılması üçün 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması, Günəş və su elektrik stansiyalarının inkişaf etdirilməsi muxtar respublikanın enerji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Xüsusilə Naxçıvanın böyük Günəş enerjisi potensialı diqqəti cəlb edir. Yüzlərlə meqavat gücündə yeni Günəş elektrik stansiyalarının yaradılması perspektivi Naxçıvanı Azərbaycanın əsas yaşıl enerji məkanlarından birinə çevirə bilər. Burada strateji məqsəd yalnız Naxçıvanın enerji ilə təmin edilməsi deyil. Əsas hədəflərdən biri gələcəkdə artıq elektrik enerjisinin qonşu ölkələrə və daha geniş coğrafiyaya ixrac edilməsidir. Bu isə Naxçıvanın enerji təhlükəsizliyi konsepsiyasını tamamilə yeni mərhələyə çıxarır. Naxçıvan artıq yalnız enerji alan ərazi deyil, enerji istehsal edən və ixrac edə bilən strateji mərkəzə çevrilir. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması da səfərin mühüm nəticələrindən biridir. Sənaye Parkının yaradılması yeni müəssisələrin, investisiyaların və iş yerlərinin meydana gəlməsi üçün geniş imkanlar açacaq. Bu, xüsusilə gənclərin məşğulluğu baxımından əhəmiyyətlidir. Naxçıvanın gələcək iqtisadi inkişaf modelində sənaye, kənd təsərrüfatı, logistika, enerji və turizmin bir-birini tamamlaması nəzərdə tutulur. Bu yanaşma Naxçıvan iqtisadiyyatının daha çoxşaxəli və dayanıqlı olmasına imkan verə bilər".
NURİYYƏ













