“Naxçıvanın təhlükəsizliyi bizim üçün bir nömrəli prioritetdir” - Deputat

 17:26 12.08.2026     598

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər etdi. Bu, cənab Prezidentin Naxçıvana sayca 17-ci səfəridir. Sayın özü bir göstəricidir və bu rəqəm, bu fakt bir daha təsdiqləyir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, əhalinin rifahı və təhlükəsizliyi məsələləri hər zaman dövlət başçısının diqqət mərkəzindədir".

Bunu Redaktor.az-a danışan deputat Elman Nəsirov bildirdi.

Millət vəkili qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasının bir sıra parametrlər üzrə gücləndirilməsi istiqamətində çox ciddi addımlar atılıb:

"Bu, ilk növbədə Naxçıvanın coğrafi mövqeyi və Azərbaycanın əsas hissəsindən ayrı düşməsi ilə bağlıdır. Bu reallıq fonunda Naxçıvanın təhlükəsizliyi məsələləri bizim üçün bir nömrəli prioritetdir. Məhz bu məntiqdən çıxış edərək Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu formalaşdırılıb, eyni zamanda yeni komando hərbi hissəsi yaradılıb. Bu təhlükəsizlik məsələləri son dərəcə əhəmiyyətlidir və bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan Silahlı Qüvvələrinin tərkibində ən güclü hərbi birliklərdən biri kimi özünü göstərir. Naxçıvanın fiziki təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət ayrılır. Bu gün muxtar respublikada elektrik enerjisi və qazla təminatının tam şəkildə həyata keçirilməsi, bu istiqamətdə İranla qarşılıqlı razılaşmaların mövcudluğu Naxçıvanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi də bu istiqamətdə mühüm perspektivlər yaradır. Naxçıvanın böyük Günəş enerjisi potensialı mövcuddur. Hazırda muxtar respublikanın generasiya gücü 200 meqavatdır və əlavə 300 meqavat gücün yaradılması istiqamətində atılan addımlar gələcəkdə Naxçıvanın enerji ixrac potensialını əhəmiyyətli dərəcədə artıra bilər. Hazırda əlavə 50 meqavat yaşıl enerji, yəni Günəş enerjisi istehsalı ilə bağlı da işlər aparılır. Əslində, 200 meqavat Naxçıvan üçün kifayət qədər böyük göstəricidir və muxtar respublikanın tələbatını təmin edir. Əlavə 300 meqavat gücün yaradılması isə Naxçıvanın enerji ixrac potensialı baxımından xüsusi əhəmiyyət daşıyır".

O vurğuladı ki, Zəngəzur dəhlizinin reallaşdırılması Naxçıvanın gələcək inkişafı baxımından ən mühüm strateji layihələrdən biridir:

"Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın dəmir və avtomobil yolları vasitəsilə birləşdirilməsi muxtar respublikanın uzun illərdir mövcud olan nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması baxımından yeni imkanlar yarada bilər. Bu dəhliz gələcəkdə yalnız dəmir və avtomobil yolu kimi deyil, fiber-optik kabellərin, elektrik xətlərinin, hətta müəyyən mərhələdə neft və qaz kəmərlərinin çəkilməsi üçün də istifadə oluna bilər. Bu isə onun strateji əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində yüklərin Naxçıvana, Naxçıvandan isə Türkiyə və Avropa bazarlarına çatdırılması üçün yeni imkanlar yaranacaq. Eyni zamanda bu marşrut Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsinə çevrilə bilər. Bu marşrutun inkişafı yüklərin Naxçıvana, oradan Culfa vasitəsilə İrana və daha sonra Fars körfəzi istiqamətində yerləşən regionlara çatdırılması üçün əlavə imkanlar yarada bilər. Göründüyü kimi, Zəngəzur dəhlizinin işə salınması qlobal mahiyyət daşıyır və böyük strateji əhəmiyyətə malikdir. Gələcəkdə bu marşrutun 15 milyon tondan artıq yükdaşıma qabiliyyətinə malik olması Naxçıvanın logistika imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirə bilər. Bütün bunlar göstərir ki, Naxçıvanın fiziki təhlükəsizliyinin, enerji təhlükəsizliyinin, iqtisadi potensialının və sosial rifahının gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Son səfər də bu istiqamətdə Naxçıvanın mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm addımlarla yadda qaldı".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən