“ABŞ-nin Hörmüz boğazına tam nəzarət etməsi reallığa uyğun deyil” - ŞƏRH

 17:15 13.08.2026     481

ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb ki : "ABŞ Hörmüz boğazına tam nəzarət edir. Düşünürəm ki, bu nəzarəti qoruyub saxlayacağıq".

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Akif Nağı bildirdi ki, müharibə ilə bağlı hər kəs öz həqiqətini ortaya qoymağa çalışır:

"Çox ziddiyyətli fikirlərlə rastlaşırıq. İran rəsmiləri bildirirlər ki, Hörmüz boğazı onların nəzarətindədir və orada başqa heç bir nəzarət yoxdur. Amerika ora heç vaxt nəzarət edə bilməz. ABŞ Prezidenti isə deyir ki, onlar boğaza tam şəkildə nəzarət edirlər. Yəni burada həqiqətin hansı tərəfdə olduğunu, kimin nə dərəcədə doğru danışdığını müəyyənləşdirmək çətindir. Müharibə edən tərəflərin içərisində həqiqət axtarmaq çox çətindir. Baxın, Ukrayna ilə Rusiya arasındakı müharibədə də hər kəs öz həqiqətini deyir və bu fikirlər tamamilə bir-birinə ziddir. Ümumiyyətlə, müharibələrin tarixi belədir. Ən qədim müharibələrlə bağlı belə hələ də tam həqiqət ortada deyil. İndiki şəraitdə biz bunları dinləyirik və fikirlərinin sətiraltı mənasını oxumağa çalışırıq. Yəni sətiraltı oxusaq, gəmilər demək olar ki, hərəkət etmir. Bu məsələ yox dərəcəsindədir. Amerika deyir ki, gəmilər bizim nəzarətimizlə keçir, İran isə bildirir ki, yox, keçmir. İran öz mövqeyini qabartmağa çalışır ki, onun gəmiləri hərəkət edir, Amerika isə heç nə edə bilmir. Amma hərdən məlumatlar ortaya çıxır ki, bu və ya digər tərəf qarşı tərəfin gəmilərini vurur. Blokadadan çıxmaq, məhdudiyyətlərdən kənara çıxmaq istəyən gəmilərə zərbələr endirildiyi barədə məlumatlar yayılır".

Müsahibimiz hesab edir ki, ən vacib və inandırıcı göstərici neftin qiyməti ilə bağlıdır. Hörmüz boğazındakı hadisələrlə əlaqədar neftin qiyməti qalxır və enir. Boğaz tam şəkildə bağlı olanda neftin qiyməti sürətlə qalxdı.

"Sonra İranla Amerika arasında müəyyən razılaşmanın əldə olunduğu elan edildi və qiymətlər sürətlə enməyə başladı. İndi yenidən qalxır, amma əvvəlki kimi sürətlə deyil. Bu, həm də onunla bağlıdır ki, artıq neftin qiyməti oradakı vəziyyətə əvvəlki qədər kəskin reaksiya vermir. Neftin müxtəlif istiqamətlərə çatdırılması üçün alternativ yollar axtarılır, həmçinin bəzi tərəflər öz ehtiyatlarından istifadə etməyə çalışırlar. Əvvəlki kimi nə satanlar, nə də alanlar ciddi panikaya düşür. Vəziyyət artıq bir qədər adiləşir.

Bu, bir tərəfdən həmin amillə bağlıdır. Digər tərəfdən isə ola bilər ki, müəyyən qədər gəmilər keçə bilir. Amma genişmiqyaslı hərəkətdən, yəqin ki, danışmaq olmaz. ABŞ-nin dediyi kimi, tam şəkildə nəzarət etdiyini düşünmək məncə reallığa qətiyyən uyğun deyil. Bunu hər kəs bilir və başa düşür. Ona görə də Amerikanın tam nəzarətindən danışmaq olmaz.

Amma hər halda orada müəyyən prioritet var, tərəflər arasında bir növ pat vəziyyəti yaranıb. Belə demək mümkündür ki, Hörmüz boğazı hələlik İranın nəzarətindədir, amma İranın öz gəmilərinin və ümumiyyətlə, hərəkət imkanlarının ABŞ tərəfindən bloklandığı bildirilir. Ona görə də İran gəmiləri sərbəst hərəkət edə bilmirlər. Hələlik vəziyyət bu şəkildə qalır", - deyə o sonlandırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən