“İranın qələbəsi yalnız bu halda mümkün olacaq” - AÇIQLAMA
İranın xarici işlər naziri Abbas Əraqçi Səhiyyə Nazirliyində keçirilən tədbirdə çıxışı zamanı danışarkən ölkəsinin həm hərbi, həm də diplomatik müstəvidə ciddi uğurlar əldə etdiyini bildirib. Nazirin sözlərinə görə, ABŞ və İsrailin hücumları ilə başlayan münaqişə zamanı İranın göstərdiyi müqavimət ölkənin “məğlubedilməz güc” olduğunu sübut edib.
İranın müharibədən real siyasi və strateji qazancı nə olub?
Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Amerika Birləşmiş Ştatlarının və İsrailin İrana qarşı hava zərbələri aparılan danışıqlar nəticə verməyəndən sonra başladı və tələblər ilk növbədə İranın nüvə proqramı ilə bağlı idi.
"Bu hava zərbələri nəticəsində İranın 5 minə yaxın vətəndaşı öldürüldü. Şəhərlər dağıdıldı, iqtisadiyyata ağır zərbə dəydi. İran uzun müddət blokadada saxlanıldı. Bu, İranın qələbəsi sayıla bilməz. Üstəlik, cavab olaraq İran ABŞ-nin bazalarına zərbə endirdi və 20-yə yaxın hərbçisini qətlə yetirdi. İndi ABŞ ilə İran arasında Hörmüz boğazı ilə bağlı danışıqlar gedir. Müharibə başlamamışdan əvvəl Hörmüz boğazından gəmilər rahat, yoxlanılmadan və haqq ödəmədən keçiblər. Amerika Birləşmiş Ştatları tələb edir ki, müharibədən əvvəlki vəziyyət bərpa olunsun. İran isə bunu qəbul etmək istəmir və Amerika qarşısında ultimativ tələblər qoyur".

Müsahibimiz qeyd etdi ki, əgər İran Hörmüz boğazına nəzarət edə bilsə, oradan keçən gəmilərdən hansısa xidmətin müqabilində haqq ala bilsə – ki, İran buna çalışır və bu İranın qələbəsi sayıla bilər:
"İkincisi, əgər İran nüvə proqramında heç bir güzəştə getməsə və ABŞ də həm Hörmüz boğazı ilə bağlı İranın nəzarətini, həm də nüvə proqramını qəbul etsə, təbiidir ki, bu, İranın qələbəsi olmasa da, ABŞ-nin məğlubiyyəti sayılacaq. Ancaq hələ danışıqlar davam edir. Bu gün nə Amerika qalib sayıla bilər, nə də İran qalib sayıla bilər. Çünki Amerika istəklərinə nail olmayıb, İran da buna nail olmayıb. Ancaq İranın fərqi ondadır ki, itkiləri çox böyükdür. Kimin qalib, kimin məğlub olduğunu müəyyənləşdirmək üçün bütün bunların hamısı hesablanmalıdır və yalnız bundan sonra elan oluna bilər ki, İran qalibdir, yoxsa yox".
Xədicə BAXIŞLI













