Ermənistan Rusiyadan uzaqlaşır? - Politoloqdan RƏY
"Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda bütün dövlətlərin iştirakı görünürdü və məsələ bu şəkildə qəbul olunurdu. Amma Rusiya Ermənistan üzərindən bu sanksiyaların müəyyən hissəsindən yan keçərək müxtəlif addımlar atmışdı. Bəzi malların Ermənistan vasitəsilə Rusiyaya çatdırılması, həmçinin Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə Ermənistan arasında mal mübadiləsinin son illərdə, xüsusilə də sanksiyalardan sonra artması və ticarət dövriyyəsinin çoxalması bunun göstəricisi idi. Yəni Rusiya Ermənistan üzərindən bəzi sanksiyalardan yayınmağa çalışırdı".
Bu fikirləri Redaktor.az-a Rusiya-Ermənistan münasibəti haqqında danışan politoloq Qafar Çaxmaqlı bildirdi.
Onun sözlərinə görə, indi Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşməsi, Ermənistan mallarına qadağaların qoyulması, bu malların sərhəddən geri qaytarılması, həmçinin Ermənistanın Rusiya və onun başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqında qalıb-qalmayacağı məsələsinin gündəmə gəlməsindən sonra Ermənistan guya özü üçün adekvat addımlar atmağa çalışır:
.jpg)
"Bununla demək istəyir ki, mən də varam və Amerikanın, Qərbin tətbiq etdiyi sanksiyalara qoşula bilərəm. Amma bu, çox riskli addım ola bilər. Çünki artıq Ermənistana müəyyən şərt qoyulub. Ermənistan bir ay ərzində öz mövqeyini müəyyənləşdirməlidir: ya Avrasiya İqtisadi İttifaqında qalmalı, ya da Avropa İttifaqı ilə bağlı seçimini etməlidir. Bu ilin sonuna qədər Ermənistanda bu məsələ ilə bağlı müəyyən qərarların verilməsi Rusiya tərəfindən tələb olunur. Rusiya bunu ona görə istəyir ki, Ermənistanı əldən buraxmaq istəmir və bu ölkədə Rusiyanın təsir imkanları hələ də çox genişdir. Rusiyanın Ermənistanda hərbi varlığı qalır, sərhədlərdə də rus qoşunları var. Ermənistanın enerji sistemi böyük ölçüdə Rusiyanın nəzarətindədir, Ermənistan dəmir yolları Rusiyanın nəzarəti altındadır, Atom Elektrik Stansiyasının yanacağı Rusiyadan gəlir. Yəni Rusiyanın Ermənistana təsir imkanları çoxdur. Mən elə ona görə deyirəm ki, Ermənistanın belə bir addım ataraq guya Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalara qoşulması çox riskli ola bilər və Ermənistan üçün yaxşı heç nə vəd etmir. Amma mən bir qədər fərqli düşünürəm. Bu, hardasa siyasi alver kimi ortaya atılan məsələdir. Ermənistanın nə gücü var ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulsun və bəzi şeyləri qadağan etsin? Həm də Ermənistanın iqtisadi vəziyyəti belədir ki, bu məsələdə riskli addım atması onun özü üçün ciddi problemlər yarada bilər. Burada risk faktoru çoxdur".
Şərhçimiz vurğuladı ki, gələcək bu məsələlərin necə inkişaf edəcəyini göstərəcək. Rusiya-Ermənistan münasibətləri gərgin olaraq qalır. Bu gərginliyin nə qədər davam edəcəyi isə hələ məlum deyil. Ermənistan çalışır ki, Rusiya ilə münasibətləri müəyyən qədər düzəltsin.
"Amma Rusiya Ermənistanda seçkilərdən sonra istədiyi siyasi nəticə əldə olunmadığına, müxalif qüvvələr hakimiyyəti ələ keçirə bilmədiyinə görə müəyyən mənada Paşinyan hakimiyyətini cəzalandırmağa çalışa bilər. Amma gələcək göstərəcək. Rusiyanın özünün də vəziyyəti elədir ki, hazırda davam edən müharibə müəyyən mənada onun əl-qolunu bağlayıb. Bu səbəbdən Rusiyanın Ermənistanda aktiv siyasi gedişlər etmək imkanları da xeyli məhduddur", - deyə o sonlandırdı.
NURİYYƏ













