Türkiyə Misiri Məkkə Sazişinə cəlb etmək istəyir - Generaldan AÇIQLAMA
Türkiyə Misirin Ankara, Ər-Riyad və İslamabad arasında bağlanmış Məkkə Sazişinə qoşulmasında maraqlıdır.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Ələmeyn şəhərində misirli həmkarı Bədr Əbdül Ata ilə görüşdən sonra bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Sazişi üç ölkə arasında müdafiə əməkdaşlığından daha geniş strateji məna daşıyır.
Onun fikrincə, saziş uğurla həyata keçirilərsə, gələcəkdə digər regional dövlətlərin də bu mexanizmə qoşulması gündəmə gələ bilər:
"Bu baxımdan ən real namizədlərdən biri Misirdir. Misirin güclü hərbi potensialı, Süveyş kanalı və Qırmızı dəniz üzərindəki strateji mövqeyi, həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı ilə inkişaf edən münasibətləri onun bu təhlükəsizlik arxitekturasında mühüm yer tuta biləcəyini göstərir. Qətər də potensial namizədlər sırasında qiymətləndirilə bilər. Doha ilə Ankara arasında artıq dərin hərbi-strateji əməkdaşlıq mövcuddur".
General qeyd etdi ki, Azərbaycan isə Türkiyə ilə müttəfiqlik münasibətləri və Pakistanla yaxın siyasi-hərbi əlaqələri baxımından gələcəkdə bu formatla əməkdaşlıq edə biləcək mühüm ölkələrdən biridir:
"Lakin Azərbaycanın formal üzvlüyü İran, Rusiya və Cənubi Qafqazdakı geosiyasi tarazlıqlar nəzərə alınaraq qiymətləndirilməlidir. BƏƏ və İordaniyanın da daha uzun perspektivdə bu təhlükəsizlik mexanizminə yaxınlaşması mümkündür. Ancaq burada əsas məsələ üzvlərin sayının artırılması deyil, sazişin real hərbi və siyasi çəkindiricilik qabiliyyətinin yaradılmasıdır. Əgər Məkkə Sazişi mərhələli şəkildə genişlənərsə, Türkiyənin hərbi və müdafiə sənayesi imkanları, Pakistanın nüvə çəkindiriciliyi, Səudiyyə Ərəbistanının iqtisadi və enerji gücü, Misirin isə hərbi potensialı və geostrateji mövqeyi bir-birini tamamlayan yeni bir regional təhlükəsizlik sistemi yarada bilər. Bu halda söhbət yalnız üçtərəfli müdafiə sazişindən deyil, Yaxın Şərqdən Cənubi Asiyaya, perspektivdə isə Cənubi Qafqaza qədər uzanan yeni təhlükəsizlik arxitekturasının formalaşmasından gedə bilər. Lakin bunun üçün sazişin institusional mexanizmlərinin, ortaq komandanlıq və qərarvermə sisteminin, eləcə də kollektiv müdafiə öhdəliklərinin necə işləyəcəyinin aydınlaşdırılması əsas şərtdir", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI













