Zelenski ABŞ-yə hansı təklifləri təqdim edib? - AÇIQLAMA
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində ABŞ-yə yeni təkliflər təqdim edib. Zelenski təkliflərin detallarını açıqlamasa da, qeyd edib ki, ABŞ danışıqlar prosesində fəal iştirak etməlidir.
Bəs Zelenski ABŞ-yə hansı təklifləri təqdim etmiş ola bilər?
Politoloq Azər Qasımov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll edilməsi mümkün deyil:
"Bunu Ukrayna Prezidenti Volodimir Zelenski də yaxşı bilir. Zelenskinin danışıqlar adı altında ABŞ Prezidenti Donald Trampı oyuna cəlb etməsinin tək məqsədi var. Bu da Rusiya Prezidenti Vladimir Putinin danışıqlarda maraqlı olmadığını ona göstərməklə həm özünü konstruktiv sülhpərvər kimi göstərmək, həm də Putinin bu davranışı səbəbilə Trampı ona qarşı addımlar atmağa sövq etməkdir. Görünən odur ki, bu taktika özünü doğruldur. Doğrudur, Tramp proqnoz edilməsi çətin, hətta mümkün olmayan adam olsa da, bir narsist kimi öz mənliyinə və qüruruna düşkün biridir. Putin ona sülhdə maraqlı olmadığını göstərdikcə Tramp daha çox ona qarşı mövqe alır. Nə qədər də Trampın Putinə simpatiyası olduğunu görsək də, Rusiyaya qarşı sanksiyaların və Ukrayna yönümlü addımların atıldığının şahidi oluruq. Görünən odur ki, Zelenski ilk dəfə Ağ Evdə Trampla Oval Ofisdəki görüşdən sonra mühüm dərs alıb. O, artıq Trampın əleyhinə gedən heç bir söz demir".
Siyasi şərhçi Zelenskinin ABŞ-yə təklif edə biləcəyi məsələləri də vurğuladı:

"Zelenskinin böyük ehtimalla ABŞ-yə təklif etdiyi cəbhə boyu atəşkəsin elan edilməsi, infrastruktur obyektlərinin vurulmasının qarşılıqlı dayandırılması, əsirlərin dəyişdirilməsi, hansı ki, son çıxışında Zelenski əsirlər məsələsini xüsusi vurğulayıb ki, mübadilə üçün əsir fondumuz son hücumdan sonra xeyli artıb. Bu təkliflərin Putin tərəfindən qəbul edilməyəcəyini də yaxşı bilir, əsirlərin dəyişdirilməsi xaric. Əslində, hamı yaxşı bilir ki, Putinin indiki məqamda yarımçıq dayanması onun məğlubiyyəti anlamına gəlir. Ukrayna da torpaqları işğal altında ola-ola, eyni zamanda, Rusiya ərazilərinə zərbələr vurmaqla ciddi şəkildə müharibədə dönüşə nail olunduğu bir məqamda sülh və ya atəşkəsə getmək doğru olmaz. Beynəlxalq güclər də nə sülhdə, nə də müharibənin dayanmasında maraqlı deyillər".
A.Qasımov hesab edir ki, Zelenskinin hansı təklifi verməsindən asılı olmayaraq, bu müharibədə son görünmür:
"Son üçün şərtlər və təkliflər tamamilə başqadır. Bu isə müharibənin daha da genişlənməsindən sonra mümkün ola bilər. Yəni, müharibənin statusunu Rusiya-Ukrayna müharibəsi statusundan çıxarıb Rusiya-NATO müharibəsi səviyyəsinə qaldırdıqdan sonra. Görünən odur ki, buna da hazırlıq gedir. Məsələ belədir ki, Rusiya NATO ölkəsi olan Polşa və ya Pribaltika ölkələrindən bir-ikisinə hücum edir. Qısa müddətli NATO-Rusiya müharibəsi baş verir. Rusiya geri çəkilir və NATO və Rusiya arasında sülh müqaviləsi imzalanır. Rusiyanın bəzi şərtləri qəbul edilir. Eyni zamanda, Ukrayna müharibəsi də dayanır. Amma razılaşma Rusiya və NATO arasında baş tutur. Ukrayna oyundankənar qalır. Rusiya da olduğu yerdə qalır. Amma bu oyunu poza biləcək tək oyunçu Ukrayna ola bilər".
Aytəkin TOFİQQIZI













