"Yaxın Şərqdəki hərbi-siyasi böhran hələ uzun müddət davam edəcək" - AÇIQLAMA
Xarici medianın məlumatına görə, İran rəhbərliyi ABŞ ilə danışıqlar aparmağa ümid etmir və mümkün yeni qarşıdurmaya hazırlaşır.
Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ və İran arasında razılaşmanın mümkün olmayacağı əvvəldən bəlli idi.
Onun sözlərinə görə, hər iki tərəf atəşkəsə ehtiyac duyduqlarına, müəyyən tükənmə prosesi artıq başladığına görə müvəqqəti olaraq atəşkəs barədə memorandum imzaladılar:
"İndi də son məlumatlar odur ki, həmin memorandumu daha iki ay müddətinə uzatmaq niyyətindədirlər. Ancaq əvvəldən bəllidir ki, bu atəşkəsin uzadılması da müvəqqəti xarakter daşıyır. Çünki hər iki tərəfin qarşıya qoyduğu məqsədlər reallaşmayıb.
ABŞ İranın nüvə proqramının ləğvini tələb edir, eyni zamanda raket arsenalının azaldılmasını və raket texnologiyasının da ləğvini istəyir. Buna paralel olaraq son vaxtlar müşahidə olunur ki, ABŞ bütün ağırlıq mərkəzini, yəni hərbi-siyasi qarşıdurmanın ağırlıq mərkəzini Hörmüz boğazına keçirib və çalışır ki, bu, Hörmüz boğazı ABŞ-nin nəzarətində olsun. Trampın son açıqlaması da bu baxımdan olduqca müəmmalı və qəribə xarakter daşıyır. Çünki Prezident Tramp bəyan elədi ki, tezliklə Hörmüz boğazını ABŞ-nin ərazisi elan edəcək və bu da beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən məqamdır. Hörmüz boğazına nəzarət nə ABŞ-nin, nə də İranın səlahiyyət çərçivəsinə daxil deyil".
Siyasi şərhçi vurğuladı ki, Yaxın Şərqdəki hərbi-siyasi böhran hələ uzun müddət davam edəcək:

"Atəşkəs elan olunsa belə, bu qarşıdurma təkrarlanacaq. Silahlı toqquşmaların baş verəcəyi qətiyyən istisna deyil. Böyük ehtimalla, vaxtaşırı hər iki tərəf bir-birinə hərbi zərbələr endirməyə çalışacaqlar. Yəni iki tərəfdən biri öz hədəfinə çatmayana qədər və yaxud da iki tərəfdən biri məğlub olmayana qədər Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurmanın davam edəcəyi qətiyyən istisna deyil".
Aytəkin TOFİQQIZI













