"907-ci düzəlişin qüvvədə qalması artıq mövcud reallıqlarla uzlaşmır" - Deputat

 15:22 17.08.2026     729

"ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azadetmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərməsi Azərbaycan–ABŞ münasibətləri baxımından müsbət və əhəmiyyətli addımdır. Bu qərar, eyni zamanda, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər".

Bu fikirləri Redaktor.az-a danışan deputat Azər Badamov bildirdi.

O əlavə etdi ki, xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra Azərbaycan-ABŞ münasibətlərində yeni dinamika yaranıb:

"Bundan əvvəlki dövrdə ABŞ administrasiyasının Azərbaycana münasibətində müəyyən qərəzli yanaşmalar müşahidə olunurdu və bu da ikitərəfli əlaqələrin inkişafına mənfi təsir göstərirdi. Lakin Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra ölkəsinin milli maraqlarını əsas götürən və dövlətlərarası münasibətlərə daha praqmatik və obyektiv yanaşan siyasətin ön plana çıxdığını müşahidə edirik. Bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir. Azərbaycanın iştirakı və razılığı olmadan regionda bir sıra mühüm iqtisadi, nəqliyyat, enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi mümkün deyil. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqelərini daha da möhkəmləndirib və qlobal proseslərdə söz sahibi olan dövlətə çevrilib. Azərbaycanın yaratdığı yeni reallıqlar artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Bu reallıqlar regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradıb.

Bu baxımdan Azərbaycan-ABŞ münasibətlərinin inkişafı təkcə iki ölkənin maraqlarına deyil, bütövlükdə Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. 2025-ci il avqustun 8-dən sonra tərəflər arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm razılaşmalar əldə olunub, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün konkret sahələr müəyyənləşdirilib. Belə bir şəraitdə 907-ci düzəlişin tətbiqindən azadetmə müddətinin növbəti dəfə uzadılması iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə yeni impuls verə bilər.

Hesab edirəm ki, növbəti mərhələdə əsas məqsədlərdən biri 907-ci düzəlişin özünün aradan qaldırılması olmalıdır. Düzəlişin ləğvinin mürəkkəb qanunvericilik və siyasi proses olduğunu başa düşürük. Lakin Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bir dövrdə bu məhdudiyyətin qüvvədə qalması artıq mövcud reallıqlarla uzlaşmır. Bu baxımdan ABŞ Konqresi və Senatının məsələyə obyektiv və ədalətli yanaşacağına ümid edirik. 907-ci düzəlişin ləğv edilməsi Azərbaycan-ABŞ münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və iki ölkə arasında uzunmüddətli strateji əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər. Eyni zamanda, belə bir addım Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq mühitinin daha da güclənməsinə xidmət edər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən