"ABŞ Konqresi 907-ci düzəlişi ləğv edəcək" - Aydın Mirzəzadə

 15:53 17.08.2026     477

"Azərbaycana qarşı 907-ci düzəliş ədalətsiz bir qərardır. 1992-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü və torpaqlarımızı işğal etməsinə baxmayaraq, Amerikadakı erməni diaspor dairələri Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiqinə nail olublar. Dünya tarixində belə bir qəribə qərar heç vaxt qəbul edilməyib. İşğal edən yox, işğal edilənə qarşı sanksiya tətbiq edilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərməsindən danışarkən bildirdi.

"ABŞ qanunvericiliyinə görə, ABŞ administrasiyası bir il müddətinə həmin düzəlişin fəaliyyətini dayandıra bilir. Düzəlişin ümumiyyətlə ləğv edilməsi çox uzun bir hüquqi prosedurdur. İnanıram ki, nə zamansa ABŞ Konqresi bu düzəlişi ləğv edəcək. Ancaq bununla belə, Azərbaycana qarşı dost münasibətləri sərgiləyən ABŞ administrasiyaları həmişə bu qətnaməni öz qərarları ilə bir il müddətinə dayandıra biliblər".

Millət vəkili Tramp administrasiyasının bu addımını Azərbaycana qarşı xoşməramlı, əməkdaşlıq və birgə sülh yaratmaq uğrunda çalışmaq təşəbbüsü kimi qiymətləndirir:

"ABŞ Prezidenti Donald Trampın həm birinci, həm ikinci prezidentliyi dövründə ölkə administrasiyası Azərbaycana qarşı xoş münasibət göstərib. Bu, Azərbaycan tərəfindən də müvafiq qiymətləndirilib və Amerika ilə müttəfiqlik, yaxşı münasibətlər, dostluq bizim xarici siyasətimizin əsas istiqamətlərindən biri olub. Məhz ABŞ Prezidentinin təşəbbüsü ilə ötən il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması onu göstərdi ki, ABŞ regionda sülhün tərəfdarıdır, Azərbaycanın sülh təşəbbüslərini həmişə dəstəkləyir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən