ABŞ-İran arasında yenidən müharibə başlayır? - Politoloqdan AÇIQLAMA

 17:14 17.08.2026     511

Xarici KİV-də yayılan məlumatlara görə İran rəhbərliyi ABŞ ilə danışıqlar aparmağa ümid etmir və mümkün yeni qarşıdurmaya hazırlaşır.

Bəs, yenidən böyük bir qarşıdurma baş verə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirdi ki, 17 avqustda ABŞ-İran memorandumunun müddətinin başa çatması və tərəflərin müharibənin yekun dayandırılması ilə bağlı razılığa gələ bilməməsi vəziyyəti xeyli həssaslaşdırır:

"Belə olan halda yenidən böyük hərbi qarşıdurmanın baş verməsi də real risk olaraq alır. Amma bunun qaçılmaz olduğunu və hərbi əməliyyatların mütləq bərpa olunacağını söyləmək düzgün olmazdı. Burada əsas problem tərəflərin bir-birinə olan etimadsızlığıdır. İran hesab edir ki, ABŞ-nin əsas məqsədi Tehrana maksimum təzyiq göstərməklə onu nüvə proqramı, Hörmüz boğazı və regional təhlükəsizlik məsələlərində ciddi güzəştlərə məcbur etməkdir. Vaşinqton isə İranın atəşkəsdən danışıqlar üçün deyil, hərbi potensialını bərpa etmək üçün istifadə etdiyini düşünür. ABŞ-nin son günlərdə iqtisadi təzyiqi artıracağı barədə xəbərdarlıqları və Hörmüzdə dəniz fəaliyyətinin kəskin azalması bu qarşıdurmanın diplomatik çərçivədən çıxmaq təhlükəsini artırır. İranın mümkün yeni müharibəyə hazırlaşması barədə məlumatları da bu kontekstdə qiymətləndirmək lazımdır. "The Wall Street Journal" İran rəhbərliyinin atəşkəs dövrünü hərbi komandanlığı gücləndirmək, raket və pilotsuz aparat istehsalını artırmaq və regional tərəfdaşlarla koordinasiyanı genişləndirmək üçün istifadə etdiyini yazır. Əgər bu məlumatlar doğrudursa, bu o deməkdir ki, Tehran diplomatiyanı tamamilə rədd etməsə də, amma danışıqlara hərbi çəkindiricilik mövqeyindən qayıtmağa hazırlaşır. Lakin zənnimcə hər iki tərəf yeni hərbi əməliyyatların nələrə səbəb ola biləcəyini kifayət qədər yaxşı başa düşür".

O əlavə etdi ki, buna baxmayaraq vəziyyət həqiqətən də kövrəkdir və istənilən kiçik insident belə yeni hərbi əməiyyatlara səbəb ola bilər:

"Yeni qarşıdurma baş verəcəyi halda isə onun əvvəlki döyüşlərdən daha geniş regional nəticələr doğurması mümkündür. Çünki əsas risk yalnız ABŞ və İranın birbaşa toqquşması deyil. Hörmüz boğazında gəmiçiliyin daha da məhdudlaşdırılması, Körfəz ölkələrində enerji obyektlərinin hədəfə alınması, İraq, Yəmən və Livandakı silahlı qrupların prosesə tam miqyasda qoşulmasıdır ki, bu da münaqişəni sürətlə regional savaşa çevirə bilər. Hazırda Hörmüzdən keçən gəmi sayının kəskin azalması artıq bazarların bu riski qiymətləndirdiyini göstərir.

Bununla belə, yenə də təkrar edirəm ki, tərəflərin böyük müharibəyə marağı məhduddur. ABŞ üçün uzunmüddətli müharibə enerji qiymətlərini yüksəldə, regiondakı müttəfiqlərin təhlükəsizliyini riskə ata və ciddi siyasi xərc yarada bilər. İran üçün isə yeni genişmiqyaslı hücum iqtisadi təzyiqi artırmaqla yanaşı, ölkənin enerji infrastrukturu və hərbi imkanlarına daha ağır zərbə vura bilər. Bu səbəbdən tərəflərin son anda vasitəçilər vasitəsilə yeni anlaşmaya cəhd göstərməsi ehtimalı qalır. Pakistan, Oman və Qətərin diplomatik kanalları bu baxımdan mühüm rol oynaya bilər.

Ümumilikdə isə indiki şərtlər daxilində ən real təhlükə dərhal tammiqyaslı müharibənin başlamasından çox, məhdud hərbi eskalasiyanın tədricən genişlənməsidir. Bir gəminin vurulması, Hörmüzdə insident və ya ABŞ qüvvələrinə qarşı ciddi hücum tərəflərdən birinin sərt cavab verməsinə səbəb ola bilər. Ona görə də qarşıdakı günlərdə əsas məsələ tərəflərin atəşkəsdən sonrakı dövrdə bir-birinə qarşı hərbi çəkindirmə siyasətini nə qədər idarə edə bilməsi olacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən