“Ermənistanın atdığı addımlar Rusiya ilə münasibətlərə təsirsiz ötüşməyəcək”
"Ermənistan-Rusiya münasibətlərində gərginlik hiss olunmaqdadır və xüsusən də Rusiya bu istiqamətdə iqtisadi açıqlamaları daha tez-tez təqdim edir. Nəzərə alsaq ki, Ermənistandan Rusiyaya ixrac olunan bir sıra məhsullara məhdudiyyət tətbiq olundu. Eyni zamanda, xüsusən də Rusiya tərəfi Ermənistanda infrastrukturun milliləşdirilməsi ilə bağlı çıxışlara da heç də reaksiyasız qalmır. Çünki biz istər Moskvadan, istərsə də Rusiyanın fərqli dövlət qurumlarından bu istiqamətdə açıqlamalar müşahidə edirik".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Ermənistan Mərkəzi Bankının ölkənin kommersiya bankları üçün Rusiyaya qarşı beynəlxalq sanksiyalardan yayınmanın qarşısını almaq məqsədilə yeni tələblər müəyyənləşdirməsini şərh edərkən səsləndirib.

"Təbii ki, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir, eyni zamanda Ermənistana ən çox sərmayə yönəldən dövlətdir. Amma sözsüz, hər halda son proseslər ondan xəbər verir ki, Ermənistan iqtisadi münasibətlərdə Avropa İttifaqı ilə əməkdaşlığa daha çox önəm verməyə çalışır və bu da təbii ki, nəticə etibarilə Ermənistan-Rusiya münasibətlərinə təsir göstərir".
Müsahibimizin fikrincə, Rusiya bankları ilə əməkdaşlıq və ya sanksiyalar kontekstində atılacaq addımlar Ermənistan-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək:
"Ümumiyyətlə, Ermənistan və Rusiya eyni iqtisadi blokdadır, eyni birlikdə təmsil olunurlar. Ona görə də əgər Ermənistan tərəfindən Rusiya bankları ilə əməkdaşlıqla bağlı və ya sanksiyalarla bağlı əvvəlki illərdə müşahidə olunmayan addımlar atılarsa, bu, iki ölkə arasındakı münasibətlərə neqativ təsir göstərəcək".
Xədicə BAXIŞLI













