“İt hürər, karvan keçər” - Deputatdan Rusiyaya CAVAB

 12:38 18.08.2026     1381

Azərbaycan Mətbuat Şurası Rusiyanın bəzi KİV-lərində Azərbaycana, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərinə qarşı təhqir və təhdid xarakterli materialların yayılmasını kəskin pisləyib. Şura bu halların Azərbaycan-Rusiya münasibətlərinə və media əlaqələrinə zidd olduğunu bildirərək, Rusiya tərəfini belə halların qarşısını almaq üçün ciddi tədbirlər görməyə çağırıb.

Bəyanatı dəyərləndirən deputat Fəzail İbrahimli Redaktor.az-a bildirdi ki, Azərbaycan Mətbuat Şurasının da belə bir məsələyə kifayət qədər diqqətçəkən mövqe sərgiləməsi vacibdir. Mətbuat Şurası bu məsələdə öz səlahiyyətləri daxilində olan addımlardan birini atıb:

"Rusiya ilə münasibətlərdə Rusiya tərəfindən sərgilənən belə davranışlar bizi artıq təəccübləndirməməlidir. Uzun müddət Qafqaz regionunda tam səlahiyyət sahibi olan, erməni dövlətini yaradan, bu dövlət vasitəsilə özünün Qafqaz siyasətini həyata keçirən və bu siyasətdə çox uğurlar qazanan Rusiyanın əlindən Qafqaz çıxır. Gürcüstanla bağlı vəziyyət aydın məsələdir, təhlilə ehtiyac yoxdur. Ermənistan isə çox bağlılığı olduğu üçün axıra qədər qətiyyətli addımlar ata bilmir. Çünki Ermənistan özəlləşdirilmiş bir ölkədir, Rusiyanın forpostu olub. Azərbaycan isə həmişə bu məsələdə balansı qoruyub saxlayıb. Uzun müddət Azərbaycana qarşı edilən bu cür namərd hərəkətlərə Azərbaycan qədər səbirli yanaşmağa məcbur olan ikinci bir dövlət olmayıb. Rus hərbi hissələrinin köməyi ilə Azərbaycanın torpaqları işğal olundu. 366-cı alayın iştirakı ilə Xocalı soyqırımı törədildi. Azərbaycan xalqının qatilləri dövlət rəhbərliyi səviyyəsində təmsil olundu. Bütün bunlar tarixin qan yaddaşıdır.

Zaman öz diktəsini etdi. Səbir edən və ağıllı hərəkət edən insanlar həyatda həmişə qələbə çalırlar. Haqqı müdafiə edən insanların yanında qələbə olur. Azərbaycan dövləti də səbirli hərəkət etdi, balanslaşdırılmış siyasət yeritdi, dəyənəklə silahlanmış, tüfəngli adamın üstünə getmək istəyindən uzaq oldu. Nəhayət, zaman gəlib çatdı, Azərbaycan öz haqqına çatdı, torpaqlarını işğaldan azad etdi və öz sərhədlərini bərpa etdi. Belə olan təqdirdə artıq təkcə Rusiya deyil, ermənipərəst qüvvələrin hamısı üçün böyük bir yas mərasimi başlandı. Fransa siyasi mənada matəm elan etdi. Bütün vasitələrlə, Hindistan vasitəsilə silah gətirdi, Avropa İttifaqı bura özünün kəşfiyyat əməkdaşlarını göndərdi. Amma bunların içərisində ən çox ovucundan çıxan bir dövlət üçün yanğı keçirən Rusiya oldu".

Millət vəkili diqqətə çatdırdı ki, indi Rusiya artıq Qarabağdan da çıxıb:

"Azərbaycan öz müstəqilliyini bərpa edib, öz taleyini müəyyənləşdirib, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib. Azərbaycan Qafqazın, demək olar ki, hegemon dövlətidir. Hərbi qüdrətinə və iqtisadi gücünə görə Qafqazın ən qüdrətli dövlətidir və nəhayət, dünya dövlətləri sırasında uca görünür. Şəxsən, söz vaxtına çəkər, keçən il avqustun 8-də ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra Azərbaycana qarşı uzanmış o iti caynaqlar, mənfur baxışlar düşünməyə başladı. İndi Azərbaycanı yenidən özünə, necə deyərlər, qaytarmaq, onu əvvəlki statusuna, Rusiyadan asılı vəziyyətə salmaq artıq xəyalına çevrilib. Bunlar özləri də bunu başa düşürlər. Amma nə etsinlər, dərdlərini nə iləsə soyutmalıdırlar. Buna görə ideoloji təxribatlara başlayıblar, ayrı-ayrı insanların simasında və sair. Bax, bu da onun nəticəsidir.

Azərbaycan, yenə də deyirəm, hər şeyə hazırdır. Bu gün Ukrayna bataqlığında batan Rusiyanın zəhərli dişi çıxıb. Hətta ağız atıb tutmaq istəsə də, onun dişləri tökülüb. Azərbaycan öz müstəqilliyini iqtisadi, siyasi və hüquqi baxımdan qoruyur. Buna görə də ataların bir misalı var: “İt hürər, karvan keçər”. Amma verilən cavab tamamilə doğrudur. Mən əminəm ki, bu məsələdə hər bir Azərbaycan insanı prezidentin ətrafındadır. Prezidentin qətiyyətli mövqeyi isə Azərbaycana qarşı hər hansı təxribat törətməyə imkan verməyəcək".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən