Hörmüz boğazından keçid ödənişsiz olacaq? - Hərbi ekspert AÇIQLADI

 15:50 18.08.2026     512

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsahibəsində bildirib ki, Hörmüz boğazından gəmilərin keçidi sərbəst və ödənişsiz olmalıdır. 

Maraqlıdır, yaxın zamanda bu, real ola bilərmi?

Redaktor.az-a açıqlama verən hərbi ekspert, polkovnik Üzeyir Cəfərovun fikrincə, bu, yaxın müddətdə mümkünsüzdür:

"Çünki Amerika ilə İran arasında Hörmüz ətrafında olan münaqişə hələ bir müddət də davam edəcək. Bu məsələnin müsbət həlli üçün tərəflər bir araya gəlməlidirlər, bir masa arxasında müzakirə etməlidirlər və bu məsələni çözməlidirlər. Təəssüflər olsun ki, bu məsələdə Amerika da inadkarlıq göstərir, İran da Amerikanın acığına Hörmüz boğazından gəmilərin keçidini heç bir halda onun icazəsi olmadan həyata keçirməyə imkan verməyəcəyini bəyan edir. Ona görə hesab edirəm ki, hələ bu məsələ bir neçə ay da mübahisə və müzakirə mövzusu olacaq".

Müsahibimiz hesab edir ki, indiyə qədər vəziyyət necə idisə, o ilkin vəziyyətə qayıtmaq olar, əgər tərəflər müəyyən konsensusa gəlsələr, müəyyən razılıq əldə etsələr:

"Mənim də fikrim ondan ibarətdir ki, yəni Hörmüz boğazı bu gün dünya üçün çox vacib bir arteriyadır. Yəni o arteriyanın dünyaya təsiri dərhal bilinir. O mənada ki, orada problem yaşanan kimi enerji bazarında da bu hiss olunur. Çalışmaq lazımdır ki, bu enerji bazarına ciddi təlatümlər gətirməyən bir vəziyyət yaransın, onun üçün də tərəflər ən azından bir-birinə güzəştə getməlidirlər. Bu güzəşt necə olacaq, deyə bilmərəm, amma hər halda hesab edirəm ki, bu güzəşt olmalıdır. Güzəşt olmayacağı təqdirdə Hörmüz boğazı ilə bağlı hansısa irəliləyişə nail olmaq qeyri-mümkün olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən