“Rusiya KİV-dəki kampaniya rəsmi qurumların razılığı olmadan aparıla bilməz” - Politoloq
"Azərbaycan Mətbuat Şurasının Rusiyanın bəzi KİV-lərində Azərbaycana, onun xalqına və dövlət rəhbərliyinə qarşı təhqir və təhdid xarakterli materialların yayılmasına sərt reaksiya verməsi tamamilə başadüşüləndir və təqdirəlayiqdir. Şuranın mövqeyində əsas məsələ tənqid və fikir azadlığı ilə düşmənçilik, təhqir və təhdid arasındakı sərhədin qorunmasıdır. Həqiqətən də bu sərhəd keçildikdə söhbət artıq jurnalistikanın peşə standartlarından deyil, informasiya məkanının siyasi qarşıdurma vasitəsinə çevrilməsindən gedir. Azərbaycan Mətbuat Şurasının 18 avqust tarixli bəyanatının əsas mesajı da məhz bu istiqamətdədir".
Bu fikirləri Redaktor.az-a danışan politoloq Yusif Bağırzadə bildirdi.
O qeyd etdi ki, normal dövlətlərarası münasibətlərdə hər hansı bir media qurumunun fərqli mövqe ifadə etməsi təbii haldır:
"Lakin bir ölkənin xalqını bütövlükdə hədəfə alan, milli ayrı-seçkiliyi qızışdıran və dövlət rəhbərliyinə qarşı zorakı məzmun daşıyan çağırışlar edilirsə bu artıq siyasi fikir müxtəlifliyi kimi təqdim oluna bilməz. Belə yanaşma cəmiyyətlər arasında qarşılıqlı münasibətlərə də birbaşa zərər vurur. Məsələnin digər tərəfi Rusiyanın informasiya məkanının xüsusiyyətləri ilə bağlıdır. Əvvəla ondan başlayaq ki, Rusiyada müstəqil media və ya geniş auditoriyaya çıxış imkanı olan müstəqil jurnalist və ya bloqqer yoxdur. Xüsusilə də Ukrayna ilə müharibə fonunda bu istiqamətdə kifayət qədər sərt nəzarətin olduğu hər kəsə məlumdur. Yəni başqa sözlə Rusiya KİV-də belə kampaniya aparılırsa demək ki, bu rəsmi qurumlarla razılaşdırılmış şəkildə və konkret göstərişlər əsasında həyata keçirilir.
İkinci bir tərəfdən Rusiya mediasında geniş auditoriyaya malik televiziya kanalları, siyasi tok-şoular və internet platformaları ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Bu səbəbdən orada səsləndirilən Azərbaycana qarşı kəskin fikirlər yalnız müəllifin şəxsi mövqeyi olaraq qalmır, müəyyən auditoriyaya ötürülərək siyasi təsir vasitəsinə çevrilə bilir. Xüsusilə son dövrdə Rusiya informasiya məkanında Azərbaycana qarşı ritorikanın sərtləşməsi bu məsələyə daha ciddi yanaşmağı tələb edir. Məhz buna görə Azərbaycan Mətbuat Şurasının müraciətində də qeyd olunduğu kimi Rusiya rəsmi dairələri bu cür halların dövlətlərarası münasibətlərə zərər verməsinin qarşısını almaq üçün məsuliyyətli mövqe ortaya qoymalıdır. Rusiya tərəfi anlamalıdır ki, media məkanında təhqir və təhdidlərin normallaşması iki ölkə arasında onsuz da mövcud olan etimad problemini daha da dərinləşdirə bilər".
"Rusiya ilə Azərbaycan arasında iqtisadi, humanitar, nəqliyyat və digər sahələrdə əlaqələr mövcuddur. Bu əlaqələrin siyasi ritorikanın girovuna çevrilməsi Moskvanın da regional maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan Mətbuat Şurasının bəyanatını yerində, həm də preventiv siyasi mesaj kimi qiymətləndirmək olar. Bu onu göstərir ki, media azadlığı adı altında Azərbaycana qarşı düşmənçilik və təhdidlərin legitimləşdirilməsi heç bir halda qəbul edilməyəcək. Əgər Moskva ikitərəfli münasibətlərin qorunmasında maraqlıdırsa, belə ritorikaya yalnız diplomatik deyil, həm də informasiya və institusional səviyyədə aydın münasibət bildirməlidir. Əks halda media müstəvisində başlayan qarşıdurma tədricən dövlətlərarası münasibətlərdə daha dərin etimadsızlığa çevrilə bilər", - deyə şərhçimiz sonlandırdı.
NURİYYƏ













