Si Cinpin-Tramp görüşü regionda nələri dəyişə bilər? - AÇIQLAMA

 17:55 18.08.2026     349

Çin Xalq Respublikasının sədri Si Cinpinin sentyabrın 23-dən 25-dək ABŞ-a səfər edəcəyi və sentyabrın 24-də ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüş keçirəcəyi bildirilir. Görüşdə ticarət, Tayvan, süni intellekt, həmçinin İrandakı vəziyyət və Hörmüz boğazı ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Si Cinpinin ABŞ səfəri və Donald Trampla görüşü ABŞ-Çin münasibətlərində hansı dəyişikliklərə səbəb ola bilər? Xüsusilə İran və Hörmüz boğazı məsələsinin görüşün gündəliyinə daxil edilməsi nə ilə bağlıdır və bu görüşün nəticələri Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün hansı geosiyasi təsirlər yarada bilər?

Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Amerika Birləşmiş Ştatları və Çin iqtisadi cəhətdən dünyanın iki böyük supergücüdür:

"Dünya onların nüfuzu ilə hesablaşır. Xüsusilə Çinlə münasibətləri qorumaq üçün dünyanın əksər dövlətləri əllərindən gələni edirlər. Burada təbiidir ki, Çinlə Rusiyanın, eləcə də Çinlə İranın münasibətləri xüsusi əhəmiyyət kəsb edir. İki prezidentin görüşündə ilk növbədə İran və Ukrayna məsələləri gündəmdə olacaq. Həm İrana, həm də Rusiyaya Çinin müxtəlif ölçüdə və müxtəlif formalarda yardım göstərdiyi deyilir. Xüsusilə İran neftinin əsas alıcısı Çindir. Təbiidir ki, Çinin İrana təsiri də çox güclüdür. Nəzərə alsaq ki, İran sülh razılaşmasının əldə olunması üçün lazımi səyləri göstərmir, əksinə, danışıqları pozmaq üçün gah gəmilərə zərbə endirir, gah da ultimatum xarakterli tələblərlə çıxış edir, açıq görünür ki, İran indiki şəraitdə sülhə getmək istəmir".

Abutalıb Səmədov: “Azərbaycanın sərvətlərdən düşünülmüş şəkildə istifadə  etmək təcrübəsindən digər dövlətlər də çox şey götürüblər” Pravda.az

Siyasətçinin sözlərinə görə, belə bir şəraitdə Çinin mövqeyi çox mühüm əhəmiyyətə malikdir:

"Eyni zamanda, Ukrayna ilə bağlı da heç kimə sirr deyil ki, Çin Rusiyaya dolayısı yolla ciddi kömək göstərir. Hərbi texnika və silah verməsə də, müxtəlif istiqamətlərdə Rusiyaya dəstək göstərir. Artıq dalana dirənmiş Rusiya-Ukrayna danışıqlarını ölü nöqtədən tərpətmək üçün Çinin yardımına çox böyük ehtiyac var. Əgər bu yardım göstərilsə, Rusiyaya "müəyyən məsləhətlər"  verilsə, yəqin ki, ilin sonuna qədər sülhə nail olmaq imkanı yarana bilər. Təbiidir ki, bu yardımlar qarşılığında Çin də Tayvan məsələsində Amerika Birləşmiş Ştatlarının dəstəyini istəyəcək. Düzdür, dünyanın əksər dövlətləri vahid Çin dövlətini tanıdıqlarını deyirlər, ancaq Tayvanla sıx əməkdaşlıq edir, ona dəstək verirlər. Xüsusilə bundan əvvəlki Amerika Birləşmiş Ştatları administrasiyası da eyni mövqeyi tutmuşdu. Burada Trampın dəstəyini istəyəcək. Ola bilsin ki, Çin yaxın zamanlarda, yaxın illərdə Tayvana qarşı hərbi əməliyyatlar keçirmək məcburiyyətində qala bilər. Belə bir vəziyyətdə, təbiidir ki, Amerika Birləşmiş Ştatlarının dəstəyi mühüm rol oynaya bilər. Bütövlükdə Çin-Amerika münasibətlərinin yaxınlaşması Cənubi Qafqaz üçün də mühüm hadisədir. Burada xüsusilə bu iki dövlətin əməkdaşlıq etməsi Rusiya təhlükəsini azalda, Rusiyanın bölgədən çıxışını sürətləndirə bilər. Biz də bu məsələdə həddindən artıq maraqlıyıq".

Xədicə BAXIŞLI

 

Vumart və Güvən reklamı Vumart Güvən