“Oman Amerikanın əsas hədəflərindən birinə çevrilir” - Politoloq DANIŞDI
"Amerikanın Omanı bombalaması ehtimalı zəifdir. Oman regionda Amerikanın əsas tərəfdaşlarından biridir. Bununla yanaşı, Omana hər hansı bir zərbənin endirilməsi İran ətrafındakı müharibənin regional müstəvidə genişlənməsinə gətirib çıxara bilər. Eyni zamanda, belə bir zərbə ilə üz-üzə qalan Omanın İranla ittifaqını gücləndirə bilər ki, bu da Amerikanın regiondakı mövcud strategiyasına uyğun deyil. Lakin buna rəğmən, Trampın belə bir iddia səsləndirməsi də təsadüfi deyil".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı ABŞ Prezidenti Donald Trampın İranla bağlı danışıqlar fonunda Omana qarşı hərbi əməliyyat ehtimalından və Omanı bombalamasından danışarkən səsləndirdi.
Müsahibimizin fikrincə, Tramp bununla Omana mesaj verir ki, Oman Hörmüz məsələsində İranın mövqeyini müdafiə etməyə davam edəcəksə, bu, Amerikanın hücumu və ya ciddi zərbəsi ilə nəticələnə bilər:
"Bu zərbə mütləq bütövlükdə bombalama demək deyil. Burada həm siyasi, həm də iqtisadi təzyiq nəzərdə tutula bilər. Daha çox ehtimal olunan ssenari budur ki, Vaşinqton Omanın İranla əməkdaşlıqdan çəkinməsi üçün bu ölkəyə qarşı siyasi və iqtisadi müstəvidə təzyiqini artıra bilər. Hazırkı məqamda Trampın Omana qarşı bu mövqeyi də məhz Hörmüz boğazı ilə bağlı vəziyyətdən qaynaqlanır. Çünki İran və Amerika arasındakı atəşkəs müddəti başa çatdıqdan sonra Hörmüzlə bağlı böhran da yenidən aktuallaşıb. Oman Hörmüz məsələsində İranın mövqeyindən çıxış edən, onun mövqeyini müdafiə edən tərəfdir. Bu da təbii ki, Amerikanın həm Hörmüzlə bağlı strategiyasına və siyasətinə uyğun gəlmir, həm də İrana qarşı blokada siyasətinə ziddir".
Ekspertin sözlərinə görə, Omanın hazırda sərgilədiyi mövqe Amerikanın regional strategiyasına uyğun deyil:
"Ona görə də Oman Amerika üçün əsas hədəflərdən birinə çevrilir. Amma hədəfə çevrilmək mütləq şəkildə zərbənin endiriləcəyi mənasına gəlmir. Düşünürəm ki, Trampın bu açıqlaması daha çox xəbərdarlıq və təzyiq mesajıdır. Məqsəd Omanın geri çəkilməsinə, İranla əməkdaşlıqdan imtina etməsinə və ya bu əməkdaşlığın dərinləşməsinin qarşısının alınmasına nail olmaqdır. Xüsusən Hörmüz məsələsində Omanın İranı müdafiə etməsinin dayandırılmasını istəyirlər və ən azı bu ölkənin bitərəfliyini qorumasına çalışırlar. Böyük ehtimalla, Oman bu mövqeyini davam etdirəcəksə, Amerika tərəfi siyasi və iqtisadi müstəvidə müəyyən təzyiqlər göstərəcək. Proses genişlənərsə, çox az ehtimal olsa da, Omana hər hansı bir zərbənin endirilməsi də mümkün ssenarilərdən biri kimi qiymətləndirilə bilər. Amma bu zərbənin genişmiqyaslı deyil, məhdud xarakter daşıması ehtimalı daha çoxdur. Bununla Amerika təzyiq ritorikasının real olduğunu nümayiş etdirmək və Omanı geri çəkilməyə məcbur etmək istəyə bilər. Yəni Amerika bu ssenarini də nəzərdən keçirir. Açığı, bu ssenari də gündəmdədir, amma dediyim kimi, bu, ən son atıla biləcək addımdır. Hazırkı dövrdə hərbi zərbənin endirilməsinə qədərki mərhələdə daha çox iqtisadi və siyasi təzyiqlərlə Omanı geri çəkilməyə məcbur etməyə çalışa bilərlər. Bu istiqamətdə müəyyən nəticə əldə etmələri də mümkündür. Çünki Oman və Amerika arasında əvvəllər də müəyyən əməkdaşlıq olub. Oman üçün isə hazırda, məhz Hörmüz məsələsi ilə bağlı gələcək strategiyası baxımından İranla əməkdaşlıq sərf edir. Ona görə də İranın mövqeyindən daha çox çıxış edir. Amma bu, Amerika ilə münasibətlərin tamamilə pozulmasına gətirib çıxaracaqsa, o zaman Oman, güman ki, İranla əməkdaşlığını müəyyən qədər də olsa arxa plana keçirə bilər. Dediyim kimi, hələ ki, qarşıdakı dövrdə Omana qarşı atıla biləcək addımların seçimi çoxdur. Hərbi zərbənin endirilməsi ehtimalı isə zəif görünür. Amma bu, son seçimlərdən biri kimi qiymətləndirilə bilər".
Xədicə BAXIŞLI













