“Yuşşenkonun Bakıya səfərləri təsadüfi deyil” - Politoloq
Prezident İlham Əliyevlə Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko görüşüb. Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev də iştirak edib. Yuşşenko Azərbaycanla dostluğunun tarixindən danışaraq bunun 1989-cu ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevlə tanışlığı və dostluq münasibətlərinin qurulması ilə başladığını bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirdi ki, Ukraynanın sabiq prezidenti Yuşşenko və Azərbaycan Prezidenti İlham Əliyev bir-birlərini çoxdan tanıyırlar:
"Təsadüfi deyil ki, Yuşşenkonun özü bu və ya digər şəkildə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə Ukraynanın sabiq prezidenti kimi iştirak edir və mütəmadi olaraq Bakıya səfər edir. Məsələ burasındadır ki, Azərbaycan postsovet məkanında daim xüsusi yer tutan dövlət olub və Ukrayna-Azərbaycan münasibətləri hər zaman isti xarakter daşıyıb. 1990-cı illərdən bu tərəfə, əgər bu dövlətlərin prinsipial məsələlərlə bağlı bir-birinə yanaşmasını nəzərə alsaq, görərik ki, onlar hər zaman bir-birlərini dəstəkləyib və bir-birinin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər. Bu, Ukraynanın bütün liderlərinin Azərbaycana yanaşmasında öz əksini tapıb.

Əlbəttə ki, bu gün bizim coğrafiyamız xüsusi çağırışlarla üz-üzədir və bu çağırışların kifayət qədər ciddi təhlükəsizlik təhdidləri yaratdığını görürük. Bu fonda Ukrayna-Azərbaycan münasibətləri inkişaf edir. Ümumiyyətlə, rəsmi Bakı bu və ya digər şəkildə münaqişələrin həlli və müharibələrin dayandırılması istiqamətində hər zaman əməli addımlar atıb. Bəlli məsələdir ki, hazırda Rusiya-Ukrayna arasında müharibə gedir və Azərbaycan bu müharibənin dayandırılması, danışıqların başlanılması ilə bağlı öz mövqeyini hər zaman nümayiş etdirib. Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə bir müddət ikitərəfli və üçtərəfli görüşlər keçirilsə də, hazırda ümumiyyətlə ciddi irəliləyiş yoxdur. Amma ümid edirik ki, insan itkiləri dayandırılacaq və Avrasiyada yeni bir səhifə açılacaq. Bu kontekstdə, sözsüz ki, Yuşşenkonun qəbul edilməsi və orada verilən mesajlar, o cümlədən onun Bakıda bir sıra media orqanlarına verdiyi müsahibələr göstərir ki, Azərbaycan cəmiyyəti oradakı hadisələri çox yaxından izləyir".
NURİYYƏ













