"Ukrayna vətəndaşlarının Azərbaycana xüsusi rəğbəti var" - Vüqar Bayramov
"Ukrayna-Azərbaycan münasibətləri strateji xarakter daşıyır və iki ölkə arasında səmimi və dostluq münasibətləri var. Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiya-Ukrayna müharibəsi ilə bağlı öz fikrini bir neçə dəfə, o cümlədən Şuşada keçirilən Qlobal Media Forumunda təqdim edib. Təbii ki, Azərbaycanın, eləcə də Azərbaycan rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, müharibə daha qısa zamanda başa çatsın. Təbii ki, bütövlükdə Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin də əsas hədəfləri regionda sülhün və əməkdaşlığın daha yaxından dəstəklənməsidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan və Ukrayna münasibətlərindən danışarkən bildirdi.
"Sözsüz, etiraf etmək lazımdır ki, eyni zamanda sorğular da göstərir ki, hazırda Ukrayna vətəndaşlarının Azərbaycana və Azərbaycan Prezidentinə xüsusi rəğbəti var. Təbii ki, Azərbaycan dost ölkə olan Ukraynanın yanında oldu. Ukraynanın hətta müharibənin ilk günlərində humanitar məqsədlə yanacaqla təmin etdi, humanitar yardımını davam etdirir, ukraynalı uşaqların Azərbaycana səfərləri təşkil olunur. Bütün bunlar, təbii ki, dostluq münasibətlərini və səmimi münasibətləri göstərir".
Millət vəkilinin sözlərinə görə, Ukrayna xalqının da məhz bütün bunlar kontekstində Azərbaycan rəhbərliyinə, ölkəmizə olan rəğbəti, hörməti diqqətəlayiqdir:
"Sözsüz, cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət də bütövlükdə region üçün sülh və əmin-amanlığın formalaşması və bərqərar olmasını hədəfləyir və Azərbaycan öz imkanları çərçivəsində bu prosesə töhfə verməyə çalışır".
Aytəkin TOFİQQIZI













