“Anti-Azərbaycan ritorikası iki ölkə münasibətlərinə zərbə vurur” - Deputat
"Rusiyanın media orqanlarında bu anti-Azərbaycan narrativlərinin zaman-zaman dilə gətirilməsi, daha sonra bunun üzərindən ritorikanın daha aqressiv şəkildə ifadə olunması istənilən halda xoşa gələn hal deyil. Ən azından ona görə ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri var və hər iki ölkə başçısı zaman-zaman bu tərəfdaşlığın prinsiplərinə sadiqliyini nümayiş etdirirlər. Ən azından Rusiya tərəfindən, xüsusilə də müəyyən siyasi mərkəzlərin təsiri altında olan dairələrin istər hərəkətlərində, istər çıxışlarında Azərbaycan əleyhinə fikirlər səsləndirildikdə, müəyyən müddətdən sonra bunun qarşısının alındığını görürük".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov səsləndirdi.
Onun sözlərinə görə, Rusiyanın daxilində, yəni siyasi müstəvidə vəziyyət birdəfəlik və yekdil deyil:
"Burada müxtəlif siyasi mərkəzlər var ki, onlar bu kimi mövzular üzərindən öz daxili auditoriyasının müəyyən mənada rəğbətini qazanmaq məqsədilə aqressiv fikirlər səsləndirirlər. Xüsusilə millətçi, ultramillətçi və radikal qüvvələr var ki, bu tip çıxışlarda çox maraqlıdırlar. Bəzi hallarda elə onların da sifarişi ilə bu kimi siyasi bəyanatların səsləndirildiyi müşahidə edilməkdədir. Amma burada da yenə Rusiyanın rəsmi orqanlarının məsələyə reaksiyası əksər hallarda çox neqativ olur və ən azı Xarici İşlər Nazirliyi səviyyəsində bildirilir ki, bu, Rusiyanın rəsmi mövqeyini əks etdirmir və s. Bu tipli məsələlər, şübhəsiz ki, müəyyən mənada gərginliyin artmasının qarşısını alır. Amma yolverilməz haldır ki, mediada bu kimi məsələlər, mövzular zaman-zaman səsləndirilsin və nəticə etibarilə iki ölkə arasında münasibətlərin normal getdiyi bir vaxtda dərhal informasiya məkanına belə mövzular atılsın. Bunun ətrafında ictimai rəyi daha çox Azərbaycan əleyhinə kontekstdə formalaşdırmaqda maraqlı olduqlarını göstərən bir hal kimi də bu məsələ dəyərləndirilə bilər. Yəni bu, müəyyən siyasi dairələrin maraqlarına cavab verir".
Siyasətçi əlavə etdi ki, Rusiyanın media subyektləri əksər hallarda müəyyən qrupların bir aləti qismində özünü göstərdiyini də görürük:
"Xüsusilə Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-Ukrayna münasibətləri kontekstində məhz həmin dairələr maksimum çalışırlar ki, iki ölkə arasında münasibətlərin pozulmasına gətirib çıxara bilən informasiya təxribatlarına yol versinlər. Burada önəmli olan, təbii ki, ilk növbədə Rusiyanın bu məsələ ilə bağlı rəsmi mövqeyidir. İkincisi isə məhz bu rəsmi mövqenin qorunub saxlanması üçün həmin ritorikadan istifadə edən şəxslərə qarşı çox ciddi şəkildə davranılmasıdır. Əgər bu baş verirsə, artıq birinin digərini tamamladığını görmüş oluruq. Rəsmi mövqeyin məhz hüquqi cəhətdən həmin təxribata yol verən şəxslərə qarşı cəza tədbirlərinin görülməsində özünü göstərməsi halında, bu, həqiqətən də Rusiyanın rəsmi mövqeyinə uyğun bir yanaşmanın sərgiləndiyini göstərər. Ən azı bu üç şəxsdən biri Nəqliyyat Nazirliyinin müşaviri vəzifəsində çalışırmış və həmin çıxışı səsləndirdiyi zaman da bu vəzifəni icra edirmiş. Onun bu gün və ya dünən istefa verməsi ilə bağlı informasiya da yayılıb. Yəni bu, ondan xəbər verir ki, Rusiyanın rəsmi orqanları müəyyən mənada hərəkətə keçiblər. Amma bunun da davamı gətirilməlidir. Çünki konkret olaraq Azərbaycanın hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı müraciəti var və həmin şəxslər axtarışa verilib".
Müsahibimiz qeyd etdi ki, Rusiyanın Cinayət Məcəlləsində çox vacib müddəalar yer alıb:
"Bunların arasında irqçiliyi və ölkələrə qarşı işğalı təbliğ edən, eyni zamanda hər hansı ölkənin rəhbərinə qarşı yolverilməz ifadələrdən istifadə olunması və digər məsələlər var. Bunlar faktiki olaraq cinayət tərkibi kimi də tövsif oluna bilər. Nəticə etibarilə Rusiyanın öz hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı hərəkətə keçməlidirlər ki, hüququn aliliyi təmin olunmuş olsun.Bu belə olduğu təqdirdə, artıq bu, digərləri üçün də çox ciddi bir siqnal olar və heç kəs daha öz ritorikasında bu tip narrativlərə yer verməz. Bu da nəticə etibarilə iki ölkə arasında münasibətlərin qorunub saxlanmasına gətirib çıxara bilər. İstənilən halda bunlar təxminlər və gözləntilərdir. Amma indi hadisələrin necə cərəyan edəcəyini zaman göstərəcək. Bu, yolverilməz haldır və bu kimi halların qarşısı dərhal Rusiyanın öz hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə alınmalıdır. Aleksey Çaadayevin istefası və ya vəzifədən kənarlaşdırılması ilə bu məsələ yekunlaşmamalıdır", - deyə millət vəkili vurğuladı.
Xədicə BAXIŞLI













