"Azərbaycan səmimi, möhkəm dostdur və həmişə də belə olacaq" - Deputat
Məlumat verdiyimiz kimi, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko avqustun 16-da Azərbaycana səfər edib və daha sonra Prezident İlham Əliyev ilə görüşüb.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, Ukraynanın keçmiş dövlət başçısının Azərbaycana səfəri onu göstərir ki, Ukraynada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycanla münasibətlərə xüsusi diqqət edilir:

"Ukraynanın, demək olar, bütün siyasi qüvvələrində Azərbaycanın dost, qardaşlıq münasibətlərini hiss edirlər və Azərbaycanın Ukrayna üçün çətin gündə onun yanında olması diqqətçəkən bir məsələdir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, Ukraynaya humanitar yardım göstərilir və əlaqələrimizin daima möhkəm olması üçün müvafiq addımlar atılır. Bir müddət əvvəl Ukrayna Prezidentinin Azərbaycana səfəri, Azərbaycan xarici işlər nazirinin Ukraynaya səfəri bir daha sübut edir ki, Azərbaycan səmimi, möhkəm dostdur və həmişə də belə olacaq. Bu günlərdə Bakının mərkəzində böyük Ukrayna şairi Taras Şevçenkonun adına meydanların birinin verilməsi Azərbaycan-Ukrayna dostluğunun bariz nümunələrindən biri hesab edilə bilər".
Aytəkin TOFİQQIZI













