"İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür" - Şərh

 16:42 19.08.2026     591

Xəbər verdiyimiz kimi, İran ABŞ-nin yeni hərbi müdaxiləyə başlaması halında Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirə bilər.

Siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu çox ciddi məsələdir.

Müsahibimiz hesab edir ki, bu tək bir iddiadan ibarət deyil:

"Çünki İran daxilində belə bir variantın müzakirə edildiyinə dair ciddi məlumatlar ortaya çıxıb. Bu haqda dünyanın ən mötəbər mətbuat orqanlarında məlumatlar verilməkdədir. İranın təhlükəsizlik və hərbi dairələrində ABŞ-nin müharibəni yenidən genişləndirməsi halında Cənub-Şərqi Avropadakı ABŞ hərbi obyektlərinə, xüsusilə də Bolqarıstan və Kiprdəki obyektlərə zərbə endirmək variantının nəzərdən keçirildiyini bildiriblər.

Doğrudur, bu iddia nə qədər real görünür və effektiv şəkildə həyata keçirilmək imkanı nə qədər realdır, demək hələ tezdir. Amma məlumatın tərkibində olan riskin səviyyəsi heç də az görünmür. Kipr kimi coğrafi baxımdan yaxın ərazilərə İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür. Bolqarıstanda da ABŞ-NATO obyektlərinə zərbə cəhdləri mümkündür".

Politoloq vurğuladı ki, İtaliya, Yunanıstan və Almaniyada Ramşteyn hərbi bazasına effektiv ballistik raket zərbəsi də ehtimallar arasında yer alır:

"Bu bazalar İrana qarşı ABŞ-nin Avropada yerləşən qüvvələri siyahısındadır və İran müharibəsində ABŞ-nin əsas dayaqlarından biri kimi çıxış ediblər. Almaniyada Ramşteyn hərbi bazası İrandan 4200 km uzaqlıqda yerləşir və İranın məlum ballistik raketləri 3000 km-ə qədər məsafəni hədəf ala bilir. Amma ABŞ hərbi ekspertlərinin əldə etdikləri məlumatlara görə, İranın uzaqmənzilli imkanları artıq əvvəlki kimi qəbul edilməməlidir və Avropanın hava-raket müdafiəsinin zəifləməsini də bura əlavə etsək, çünki “Patriot” və digər sistemlər Yaxın Şərqə yönəlib, vəziyyətin nə qədər ciddi olduğunu ifadə etməyə o qədər də lüzum qalmır.

Bəs nə üçün İran, coğrafi baxımdan daha yaxın ABŞ obyektlərinə yox, uzaqda yerləşən obyektlərin vurulmasına qərar verir? ABŞ İrana uzaqdan zərbələr endirir. İran isə ABŞ-nin Yaxın Şərq bazalarını hədəf alır. ABŞ hazırda həmin obyektlərin qorunmasını gücləndirib və burada İranın cavab imkanları kifayət qədər daralıb. Belə bir vəziyyətdə İran üçün alternativ variantların mütləq ki, işə düşməsi lazımdır. Regiondakı daha zəif qorunan obyektlərin hədəf alınması da məhz bu alternativ variantlardan biridir. Burada həmçinin münaqişənin coğrafiyasını Avropaya kimi genişləndirməklə İran Vaşinqtonun siyasi məsuliyyətini artırmış olur. Belə hücumlar Vaşinqton və Avropa ölkələri hökumətləri üçün böyük siyasi şok yarada bilər. Bu baxımdan hesab edirəm ki, İran mümkün ABŞ hücumlarına cavab olaraq Avropanın tamamını hədəf olaraq yox, ABŞ-nin hərbi logistikasını risk altında saxlamaq məqsədilə bu kimi addımların atılmasını nəzərdən keçirir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən