"Seçkiyə qədər savaşa yol verməməyə çalışırlar" - Politoloq Trampın strategiyasını AÇIQLADI
"Hazırda Tramp administrasiyasının atdığı addımlarda ardıcıllıq demək olar ki, yoxdur. Çünki bir gün hərbi əməliyyatların bərpasından danışırlar, növbəti gün də sülh danışıqlarına geri döndüklərini bəyan edirlər. Bu baxımdan da Tramp administrasiyası faktiki olaraq Amerika Birləşmiş Ştatlarının xarici siyasətini qeyri-müəyyən istiqamətə götürməkdədir. Verilən bəyanatlar davamlı, prinsipial və konkret hədəfli görünmür".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirdi.
Onun sözlərinə görə, Tramp administrasiyasının indi verdiyi əksər bəyanatlara ciddi yanaşmaq bir qədər sadəlövlük kimi görünə bilər:

"Böyük ehtimalla Tramp administrasiyası belə davranışları ilə zaman qazanmağa çalışır. Çünki Amerika Birləşmiş Ştatlarında aralıq seçkiləri keçiriləcək və bu seçkilərdə respublikaçıların məğlubiyyəti Prezident Donald Trampı “topal ördək” vəziyyətinə sala bilər. Ona görə də əsas cəhdlər ondan ibarətdir ki, sülh və savaş arasında manevrlər edərək bu prosesi mümkün qədər uzatsınlar və seçkiyə qədər savaşın, hərbi əməliyyatların olmamasına nail olsunlar".
Aytəkin TOFİQQIZI













