Gürcüstanda Azərbaycan dili ikinci yerdədir - Millət vəkilindən AÇIQLAMA

 17:50 20.08.2026     490

“Gürcüstanda əhalinin siyahıyaalınmasının nəticələrinə görə, bu gün ölkə əhalisinin 6,8 faizinin ana dili Azərbaycan dilidir. Bu da təxminən hər 14 nəfərdən birinin Azərbaycan dilini ana dili hesab etməsi deməkdir. Burada ikinci ən çox istifadə olunan dil məhz Azərbaycan dilidir. Amma bu, o demək deyil ki, ikinci dövlət dili Azərbaycan dilidir. Çünki bir dilin dövlət dili olması, ikinci və ya üçüncü fərq etməz, referendum vasitəsilə verilən qərarda və ya Konstitusiyada müvafiq dəyişikliyin edilməsi ilə təsbit olunmalı olan məsələdir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndəsi Azər Allahverənov səsləndirib.

“Əhalinin 6,8 faizinin Azərbaycan dilindən istifadə etməsinə baxmayaraq, bu, heç də çoxluq deyil. Nəticə etibarilə, bu məsələ referenduma çıxarılsa belə, hətta Konstitusiyanın dəyişdirilməsi referendum yolu ilə həyata keçirilsə də, bunun dəstəklənəcəyini düşünmürəm. İlk növbədə, bu qərarı Gürcüstan əhalisi verməlidir.

Amma o da bəllidir ki, Gürcüstan hökuməti etnik mənsubiyyətinə görə sayca ikinci olan azərbaycanlılarla bağlı bir sıra vacib işlər həyata keçirməkdədir. Xüsusilə Azərbaycan dilində danışan insanlar üçün, o cümlədən Kvemo Kartlidə bir sıra dövlət xidmətlərinin məhz Azərbaycan dilində göstərilməsi, sənədlərin doldurulması, müraciətlərin edilməsi və digər məsələlərlə bağlı imkanlar yaradılıb”.

Millət vəkili əlavə edib ki, erməni dilində danışan əhali üçün də dövlət xidmətlərindən həmin dildə yararlanmaq imkanları yaradılıb.

“Gürcüstanda əsasən üç dildən istifadə olunur: gürcü dili dövlət dili olaraq, Azərbaycan və erməni dillərində isə bu tipli xidmətlər dövlət qurumlarında geniş şəkildə təşviq olunur. Dövlət burada digər dillərdə danışan əhali qruplarının yerli cəmiyyətə tam şəkildə inteqrasiya olunması üçün şərait yaradır. Bunun üçün mütləq olaraq həmin dilin ikinci dövlət dili olması vacib deyil. Yenə də deyirəm, bu, Gürcüstan əhalisinin verəcəyi qərardır. İstənilən halda bunun müəyyən müsbət cəhətləri də ola bilər. Məsələn, burada məşğulluq, işlə təminat və digər məsələlərdə müəyyən güzəştlərin tətbiq edilə biləcəyini nəzərdə tuturam. Çünki əgər hansısa dil ikinci dövlət dili olarsa, həmin dildə danışan şəxsin mütləq birinci dövlət dilində danışması tələb olunmur və belə halda həmin şəxslər daha rahat şəkildə işlə təmin oluna bilərlər. Amma bu, idealda baş verən bir prosesdir. Gürcüstan mövzusuna gəldikdə isə dövlət maksimum çalışır ki, digər dillərdə danışan əhali qrupları inteqrasiya olunmuş şəkildə bütün proseslərin fəal iştirakçıları olsunlar. Düzdür, gürcü dilini bilməyən şəxs üçün bu, bir qədər çətindir. Xüsusilə bölgələrdə, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə gürcü dilində danışanlar elə də mütləq əksəriyyət təşkil etmir. Müəyyən bir kəsim bu dildə danışır, amma müəyyən bir hissəsi də dili bilmir. Düzdür, vəziyyət əvvəlki illərlə müqayisədə daha yaxşıdır.

Məsələn, mən xatırlayıram ki, 15, 20, 25 il bundan qabaq ümumiyyətlə gürcü dilində danışan azərbaycanlılar çox az idi, həddən artıq az idi. Onlar məhz dövlət dilində danışa bilmədikləri üçün dövlət vəzifələrinə və müxtəlif işlərə cəlb olunmurdular. Sonrakı illərdə vəziyyətin dəyişdiyini gördük. Artıq bu gün parlamentdə, dövlət qurumlarında, müxtəlif nazirliklərdə, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində çalışan azərbaycanlılar var. Onlar çox rahat şəkildə dövlət dili olan gürcü dilində danışırlar və bu cəmiyyətin bir tərkib hissəsidirlər. Eyni zamanda, kifayət qədər fəal bir zümrəni təmsil edirlər. Məhz bu səbəbdən, 6,8 faiz yüksək göstərici olmadığı üçün, mənim bildiyim qədər, belə bir məsələ müzakirə olunmur və gündəliyə də çıxarılmır. Çıxarıldığı təqdirdə isə Gürcüstan Respublikasının əhalisi referendumda bu məsələ ilə bağlı öz mövqeyini nümayiş etdirmiş olacaq. Ondan sonrakı proseslər də məhz verilən qərar əsasında tənzimlənəcək”.

Müsahibimiz bildirib ki, Gürcüstanda istifadə olunan ana dilləri arasında Azərbaycan dilinin ikinci olması, təbii ki, çox yaxşı göstəricidir.

“Bu, ölkə əhalisinin ana dili hesab etdiyi ikinci dil olan Azərbaycan dilində danışması və dil identikliyi baxımından mənzərənin fraqmentar yox, bütöv şəkildə formalaşdığını göstərən bir haldır. Hətta təxmin edə bilərəm ki, real rəqəmlər bundan da bir qədər artıqdır. Amma istənilən halda çox yaxşı haldır ki, ölkə əhalisinin 6,8 faizi məhz Azərbaycan dilində danışır”.

A.Allahverənovun fikrincə, ana dilinin qorunması, inkişaf etdirilməsi və bunun üzərindən Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi ilə bağlı tanışlığın genişləndirilməsi üçün bu istiqamətdəki prosesləri bir qədər də təşviq etmək lazımdır. Bununla da növbəti siyahıyaalınmada daha yüksək faiz göstəriciləri əldə etmək mümkün olar.

“Bu da nəticə etibarilə, təbii ki, çox yaxşı hal kimi dəyərləndirilir. Çünki orada yaşayan etnik azərbaycanlılar öz doğma dillərini unutmurlar, əksinə, onu yaşadır, inkişaf etdirir və nəsildən-nəslə ötürürlər. Burada milli kodların, genetik olaraq ötürülən dəyərlərin məhz dil vasitəsilə ötürüldüyü artıq öz təsdiqini tapmış bir məsələdir. Bu baxımdan da dilin qorunub saxlanması həm də həmin dəyərlərin nəsildən-nəslə ötürülməsi deməkdir”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən