“Bu kəndlər qaytarılmadan Ermənistanla sülh mümkün olmayacaq” - Xəyal Bəşirov

 13:32 21.08.2026     470

Ermənistanın Baş naziri Nikol Paşinyan 1991-ci il xəritələrinə əsasən Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Ermənistan ərazisinə aid olmadığını bildirib. O, Azərbaycan və Ermənistan arasında anklavlar məsələsi ilə bağlı hələlik konkret razılaşmanın olmadığını, məsələnin delimitasiya prosesi çərçivəsində həll ediləcəyini qeyd edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirdi ki, Sovetlər İttifaqının süquta uğraması ilə paralel olaraq Azərbaycanın müstəqilliyini bərpa etməsi və Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın, eləcə də Ermənistana göstərilən müxtəlif dəstəklərin yekunu olaraq ərazilərimizin 20 faizinin işğal edilməsi sərhədlərimizin müəyyənləşdirilməsi, yəni delimitasiya və demarkasiya prosesini, belə deyək, yarımçıq qoydu:

"Yəni əslində Ermənistanla sərhədlərimiz müəyyənləşdirilməmişdi. Baxmayaraq ki, digər dövlətlərlə, yəni Rusiya, Gürcüstan, İran və Türkiyə ilə sərhədlərimizi demək olar ki, müəyyənləşdirmişdik. Amma İkinci Qarabağ müharibəsindən sonra bu prosesə start verdik. Çünki İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda bundan əvvəl mövcud olan, beynəlxalq hüquqa, dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə zidd status-kvonu darmadağın etdi. Azərbaycan Cənubi Qafqazda ədalətli və reallığa əsaslanan yeni status-kvo formalaşdırdı. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edən bir vəziyyət yaradıb. Bunun nəticəsi olaraq, artıq Azərbaycan-Ermənistan sərhədinin təxminən 10 kilometrdən artıq, 12 kilometrə yaxın hissəsində delimitasiya və demarkasiya işləri aparılıb. Çox təəssüf ki, bu proses Ermənistandan qaynaqlanan bəzi səbəblər üzündən hələ ki yarımçıq qalıb. Amma sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həyata keçirilməsi, davam etdirilməsi və yekunlaşdırılması ilə bağlı Azərbaycanla Ermənistan arasında ən yüksək səviyyədə razılaşma var".

Şərhçimiz nəzərə çatdırdı ki, bu, sülh prosesinin tərkib hissəsidir:

"Eyni zamanda Azərbaycanla Ermənistan arasında bir sıra anklavlar mövcuddur. Bundan əvvəl sərhədboyu ərazilərdə Azərbaycana aid olan, lakin Ermənistanın nəzarəti altında yerləşən bəzi kəndlər mövcud idi ki, həmin kəndlər Ermənistan tərəfindən Azərbaycanın nəzarətinə verildi. Bu, Qazaxda yerləşən 4 kənd idi. Amma hələ ki Azərbaycanla Ermənistan arasında Azərbaycana aid olan və Ermənistan ərazisində anklav şəklində yerləşən Bərxudarlı, Yuxarı Əskipara, Sofulu, eyni zamanda Naxçıvanın Kərki kəndi Ermənistanın nəzarəti altındadır. Ermənistan tərəfi, Nikol Paşinyanın da qeyd etdiyi kimi, əslində əvvəllər də çox gözəl bilirdi ki, bu kəndlər Azərbaycana aiddir və tarix boyu orada azərbaycanlılar yaşayıb. 1991-ci ilin xəritələri, yəni o qədər də uzaq olmayan tarixə aid xəritələrin özü də göstərir ki, Kərki, Bərxudarlı, Yuxarı Əskipara və Sofulu kəndləri Ermənistan ərazisində yerləşsə də, anklav olaraq Azərbaycana, Azərbaycan dövlətinə məxsusdur. Bu kəndlərin qaytarılması ilə bağlı Azərbaycanın prinsipial mövqeyi var. Mən düşünürəm ki, Ermənistan tərəfi, yəni Nikol Paşinyan hakimiyyəti və Nikol Paşinyanın özü də çox gözəl anlayır ki, bu addımlar atılmadan Azərbaycanla sülh əldə etmək, münasibətləri normallaşdırmaq və paralel şəkildə Türkiyə ilə münasibətləri normallaşdırmaq mümkün olmayacaq. Çünki bu kəndlərin Ermənistanın nəzarəti altında saxlanılması sülh prosesinə mane olacaq. Sadəcə, bununla bağlı bir mexanizm işlənilməlidir".

Müsahibimiz hesab edir ki, həmin mexanizm və texniki tərəflər detallardan, təfərrüatlardan ibarətdir:

"Amma əsas mahiyyət və məzmun ondan ibarətdir ki, Ermənistan tərəfi artıq bunu anlayıb. Nikol Paşinyanın dilindən bu fikirləri eşitməyimiz əslində Azərbaycanın Ermənistanla danışıqlar prosesində əldə etdiyi diplomatik uğurdur. Azərbaycan tərəfi onlara birmənalı şəkildə çatdırıb ki, bütün bu problemlər həll olunmadan Azərbaycanla münasibətləri normallaşdırmaq mümkün olmayacaq. Təbii ki, bu gün prosesə mane olan əsas amillərdən biri də Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Konstitusiyanın preambula hissəsində Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı mövqe aradan qaldırılmalı, paralel şəkildə həmin konstitusiyaya əsaslanan Ermənistan qanunvericiliyində də bu istiqamətdə dəyişikliklər edilməlidir. O cümlədən Azərbaycana aid olan Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Kərki kəndləri Azərbaycanın nəzarətinə verilməlidir. Əks halda Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi real görünməyəcək. Çünki bu problemlər sülh prosesinə mane olan məsələlərdir. Əgər biz Ermənistanla birdəfəlik münaqişə səhifəsini çevirmək, düşmənçiliyi və qarşıdurmanı arxada qoyaraq tarixə qovuşdurmaq istəyiriksə, o halda mövcud olan bütün problemlər, xüsusilə də ərazi məsələləri və konstitusiya dəyişiklikləri mütləq şəkildə öz həllini tapmalıdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən