“Tarixi həqiqət həmişə gəlib öz yerini tapır” - Deputat Paşinyanın açıqlamasından DANIŞDI
"Ermənistan Baş naziri Nikol Paşinyanın son çıxışlarında Kərki kəndi, Bəxudarlı və Yuxarı Əskipara ilə bağlı səsləndirdiyi fikirlər və həmin ərazilərin Ermənistan ərazisi olmadığını qeyd etməsi diqqət çəkir. Bilirsiniz, bu kəndlərin adları artıq toponim olaraq həmin kəndlərin tarixən azərbaycanlıların məskunlaşdığı, azərbaycanlıların həmin qədim kəndlərin bünövrəsini qoyduğu və orada əsrlər boyu yaşadığı faktını bir daha təsdiq edir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirdi.
"Bildiyimiz kimi, Ermənistanın təcavüzündən və başlatdığı işğaldan sonra Ermənistan-Azərbaycan arasında olan sərhədyanı bölgələr ümumiyyətlə demarkasiya və delimitasiya edilməmişdir. Çoxlu sayda azərbaycanlı özünün istər indiki Ermənistan ərazisindən, istərsə də sərhədyanı zolaqda yerləşən qədim Azərbaycan torpaqlarından qovulduqdan sonra bir növ bu məsələlər işğalçı Ermənistan dövlətinin əvvəl heç vaxt diqqətində olmamışdı. Onlar əsasən işğal etdikləri Azərbaycan ərazilərindəki vəziyyəti, status-kvonu möhkəmləndirmək, həmin ərazilərin demoqrafik tərkibinin, toponimlərinin və tarixi adlarının dəyişdirilməsi, ümumiyyətlə, azərbaycanlıların izlərinin silinməsi ilə bağlı fəaliyyətlərlə məşğul olurdular. Ona görə də biz bilirik ki, əvvəl-axır bu məsələlərin hamısına aydınlıq gətirilməlidir. Azərbaycanlıların qədim yaşayış məskənlərinə geri dönməsi, orada – yəni sırf humanitar və hüquqi baxımdan – heç bir ölkənin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirmədən hər bir insanın insan hüququdur. Hər bir insanın öz doğma torpaqlarına, öz doğma evinə, eşiyinə geri dönmək və orada yaşamaq hüququ var. Ona görə də Ermənistan Baş nazirinin bu bəyanatını da mən bu kontekstdə nəzərdən keçirirəm. Çünki burada, əslində, təəccüblü bir şey yoxdur".
Müsahibimiz əlavə etdi ki, kəndlərin adından da bəllidir ki, bunlar Azərbaycan toponimləridir, tarixi Azərbaycan yaşayış məskənləridir:
"Yəni bunu istər revanşistlər, istər erməni lobbisi, istərsə də Ermənistan revanşistlərinin arxasında duran digər destruktiv qüvvələr şişirtməməli, bundan xüsusi bir ajiotaj yaratmamalıdırlar. Tarixi faktlar, tarixi həqiqət həmişə gəlib öz yerini tapır. Ədalət həmişə bərpa olunur. Ona görə də Ermənistan-Azərbaycan arasında hazırda sülh prosesi mövcuddur, sülh prosesi uğurla irəliləyir və bütün bu məsələlər humanitar kontekstdən nəzərdən keçirilməlidir. Hansı ki, bu məsələlər məhz həmin kontekstdə də nəzərdən keçirilir. Ona görə də bu kimi məsələlər, hesab edirəm ki, məhz ədalətin bərpası və insanların təbii insan hüquqlarının, öz dədə-baba torpaqlarında yaşamaq hüquqlarının təmin edilməsi kontekstində nəzərdən keçirilməlidir".
Xədicə BAXIŞLI













