“Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixdən ortaq gələcəyə doğru inkişaf edir” - Jalə Əliyeva
"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə – UzA-ya müsahibəsində səsləndirdiyi “Azərbaycanla Özbəkistan Türk Dövlətləri Təşkilatını ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir” fikri iki qardaş ölkənin münasibətlərinin mahiyyətini və gələcəyə baxışını ifadə edən mühüm siyasi mesajdır. Bu yanaşmada Türk Dövlətləri Təşkilatı yalnız dövlətlərin əməkdaşlıq platforması kimi deyil, ortaq tarixi, milli-mədəni dəyərləri və strateji maraqları gələcəyə daşıyan böyük geosiyasi birlik kimi təqdim olunur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva səsləndirdi.
Millət vəkili bildirdi ki, İlham Əliyevin bu fikrini Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə keçdiyi inkişaf yolu kontekstində qiymətləndirmək xüsusilə əhəmiyyətlidir:
"Çünki bu münasibətlər artıq sadəcə dostluq və qardaşlıq ifadələri ilə məhdudlaşmır. Azərbaycan və Özbəkistan arasında əlaqələr bu gün strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Prezidentin özünün də vurğuladığı kimi, iki ölkəni ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir.
Azərbaycan–Özbəkistan münasibətlərinin əsas xüsusiyyəti siyasi bəyanatlarla praktiki əməkdaşlığın bir-birini tamamlamasıdır. Son illərdə dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və dostluq münasibətləri ikitərəfli əlaqələrin sürətli inkişafının mühüm amillərindən birinə çevrilib. 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması isə münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Şuranın 2024-cü ildə Daşkənddə, 2025-ci ildə isə Bakıda iclaslarının keçirilməsi siyasi dialoqun sistemli xarakter aldığını göstərir. Daha mühüm məqam ondan ibarətdir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq konkret hüquqi sənədlər və uzunmüddətli fəaliyyət proqramları ilə dəstəklənir. Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və 2025–2029-cu illər üçün “Yol Xəritəsi” iki ölkənin qarşıdakı illər üçün əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən mühüm sənədlərdir. Bu baxımdan Azərbaycan və Özbəkistan münasibətlərini postsovet məkanında ən sürətlə dərinləşən ikitərəfli tərəfdaşlıq modellərindən biri kimi qiymətləndirmək mümkündür".
Müsahibimiz əlavə etdi ki, İlham Əliyevin müsahibəsində TDT ilə bağlı fikri daha geniş geosiyasi məna daşıyır:
"Türk Dövlətləri Təşkilatının güclənməsi Azərbaycan və Özbəkistan üçün həm tarixi-mədəni, həm də iqtisadi və geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı rolunu oynayır, Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və strateji əhəmiyyətli dövlətlərindən biridir. Bu iki ölkənin əməkdaşlığı TDT daxilində Şərq-Qərb əlaqələrinin daha da gücləndirilməsi üçün mühüm imkanlar yaradır. Prezident İlham Əliyevin TDT-ni “ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik” kimi xarakterizə etməsi də təsadüfi deyil. Burada söhbət yalnız keçmişə bağlılıqdan getmir. Əksinə, ortaq tarix gələcək əməkdaşlığın siyasi, iqtisadi, humanitar və strateji bazasına çevrilir".
J.Əliyevanın sözlərinə görə, TDT-nin perspektivini yalnız mədəni yaxınlıq üzərində qurulan təşkilat kimi qiymətləndirmək doğru olmaz:
"Təşkilatın nəqliyyat, logistika, investisiya, enerji, rəqəmsal iqtisadiyyat, müdafiə sənayesi, təhsil və humanitar əlaqələr sahəsində imkanları getdikcə genişlənir. Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlıqdır. 2026-cı ilin iyulunda keçirilən Azərbaycan–Özbəkistan Hökumətlərarası Komissiyasının 15-ci iclasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qarşılıqlı ticarətin və investisiya təşəbbüslərinin artırılması, biznes əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub. Bu da göstərir ki, siyasi müttəfiqlik iqtisadi müstəvidə də konkret məzmun qazanır. Energetika, mədən sənayesi, kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və digər sahələrdə layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi münasibətlərinin çoxşaxəli xarakter aldığını göstərir. Əslində, qarşıdakı mərhələdə əsas hədəflərdən biri ticarət dövriyyəsinin artırılması ilə yanaşı, birgə müəssisələrin və investisiya layihələrinin sayının çoxaldılması olmalıdır. Azərbaycanın Avropaya çıxış imkanları ilə Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi potensialının birləşdirilməsi hər iki ölkə üçün əlavə üstünlüklər yarada bilər".
Müsahibimiz qeyd etdi ki, Azərbaycan–Özbəkistan əməkdaşlığının strateji əhəmiyyətini artıran digər mühüm faktor Orta Dəhlizdir:
"Çindən Mərkəzi Asiya və Xəzər vasitəsilə Azərbaycan üzərindən Avropaya uzanan nəqliyyat marşrutu Azərbaycanın regional logistika imkanlarını artırmaqla yanaşı, Özbəkistan üçün də dünya bazarlarına çıxışın şaxələndirilməsi baxımından mühüm alternativ yaradır. Prezident İlham Əliyev də Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlığın inkişafında Orta Dəhlizin artan əhəmiyyətini xüsusi vurğulayıb. Bu baxımdan Bakı ilə Daşkənd arasındakı əməkdaşlıq yalnız ikitərəfli münasibətlər deyil, daha böyük bir Avrasiya nəqliyyat və iqtisadi məkanının formalaşması baxımından əhəmiyyət daşıyır. Azərbaycan–Özbəkistan münasibətlərinin səmimiliyini göstərən mühüm nümunələrdən biri Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı və dəstəyidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Xankəndidə Özbəkistanın dəstəyi ilə tikiş fabrikinin fəaliyyətə başlaması bu qardaşlığın yalnız siyasi bəyanatlardan ibarət olmadığını göstərir. Prezident İlham Əliyev də TDT ölkələrinin Qarabağın və Şərqi Zəngəzurun bərpasında Azərbaycana verdiyi dəstəyi xüsusi qeyd edib və Özbəkistanın Xankəndidə həyata keçirdiyi layihəni nümunə göstərib. Bu layihələr həm də mühüm mənəvi məna daşıyır. Çünki Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qardaş ölkələrin Qarabağda quruculuq prosesinə qoşulması türk dünyasının həmrəyliyinin praktik ifadəsinə çevrilib".
Deputat vurğuladı ki, Azərbaycan və Özbəkistanı birləşdirən əsas amillərdən biri isə, şübhəsiz, ortaq mədəni irsdir:
"Son illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, Şuşa və Xivə kimi şəhərlərin mədəni əlaqələrinin gücləndirilməsi, müxtəlif Azərbaycan və Özbəkistan şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Daşkənddə Heydər Əliyev meydanının, Bakıda isə “Özbəkistan” parkının yaradılması da iki xalqın bir-birinə qarşılıqlı ehtiramının simvolik ifadəsidir. Bu, Prezident İlham Əliyevin “ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik” fikrinin praktiki mahiyyətini göstərir. Ən mühüm məqam isə budur ki, Azərbaycan və Özbəkistan ortaq keçmişə istinad etməklə kifayətlənmir, həmin ortaq mirası gələcəyin siyasi və iqtisadi əməkdaşlığına çevirirlər. Prezident İlham Əliyevin ifadəsi ilə desək, məqsəd ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşımaqdır. Bu isə Azərbaycan–Özbəkistan münasibətlərinin qarşıdakı illərdə daha da dərinləşəcəyinə və türk dünyasının birlik prosesində Bakı ilə Daşkəndin xüsusi rol oynayacağına əsas verir", - deyə Jalə Əliyeva yekunlaşdırıb.
Xədicə BAXIŞLI













