"Mərkəzi Asiya respublikaları ilə daha sıx əməkdaşlıq etməliyik" - Qüdrət Həsənquliyev
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Dövlət başçısı Azərbaycanla Mərkəzi Asiya ölkələrinin vahid tarixi, mədəni və geosiyasi məkanı formalaşdırdığını, həmçinin Orta Dəhlizin inkişafı və nəqliyyat-logistika imkanlarının genişlənməsinin regional əməkdaşlıq üçün yeni perspektivlər yaratdığını vurğulayıb.
Redaktor.az-a Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın münasibətlərindən danışan Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qüdrət Həsənquliyev qeyd etdi ki, Mərkəzi Asiya respublikaları Tacikistan istisna olmaqla türk dövlətləridir:
"Bu baxımdan bizim türk dövlətləri ilə bir yerdə olmağımız çox təbiidir. Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində Mərkəzi Asiya respublikaları ilə yaxından əməkdaşlıq edirik. Tacikistan isə vaxtilə Sovetlər Birliyinin üzvü olub, indi də MDB-nin üzvüdür. Bizi uzun illər tarixi, humanitar, mədəni əlaqələr birləşdirir. Həm də Mərkəzi Asiya respublikaları Xəzərin o biri tayıdır. Bu baxımdan bizim bir yerdə olmağımız çox normaldır və biz əməkdaşlığı genişləndirməliyik.
Mərkəzi Asiya respublikaları həm də müsəlman ölkələridir. O baxımdan bizim Mərkəzi Asiya respublikaları ilə ticari, iqtisadi əlaqələri genişləndirməyimiz, humanitar, mədəni əlaqələri inkişaf etdirməyimiz hamı tərəfindən normal qəbul olunmalıdır və xalqımız da bu siyasəti dəstəkləyir. Biz eyni zamanda Orta Dəhliz deyilən həmin bu İpək Yolu marşrutunu da bərpa etməliyik. Asiyadan Avropaya yüklər həm Mərkəzi Asiya respublikaları üzərindən, həm Azərbaycan, Türkiyə üzərindən Avropaya daşınsa, o bölgədə həm əməkdaşlığın inkişafına töhfə vermiş olar, həm də dövlətlər inkişaf edər. Bu, sülhə böyük töhfə olar. Əgər region dövlətləri nə qədər bir-birilə yaxından əməkdaşlıq edirlərsə, bu, xalqların rifahına xidmət edir. Bu, sülhün təmin olunmasına yol açır".
Millət vəkili hesab edir ki, Mərkəzi Asiya respublikaları ilə bizim yaxınlaşmağımız dövlətimizin milli maraqlarına cavab verir:
"Bu, bizim təhlükəsizliyimizi gücləndirir. Həm də sözsüz ki, ölkəmizin inkişafına xidmət edir. O baxımdan bu siyasət xalqımız tərəfindən də dəstəklənir və hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələr bu siyasəti müdafiə edir. Biz Mərkəzi Asiya respublikaları ilə daha sıx əməkdaşlıq etməliyik. Daha sıx mədəni, iqtisadi, humanitar, siyasi baxımdan inteqrasiya olunmalıyıq. Vaxtilə mən hətta təklif etmişdim ki, biz gələcəkdə Mərkəzi Asiya respublikaları da daxil olmaq şərtilə, o cümlədən Türkiyə və İranın da iştirakı ilə bölgədə Avropa Birliyi modelində bir Avrasiya İttifaqı formalaşdıraq. Vahid valyuta, azad bazar, yəni ümumi bazar olması, hətta gələcəkdə vahid valyutaya keçirilməsi. Yəni xalqlar bir-biri ilə qaynayıb-qarışmalıdırlar. Bu, həm də Çin ilə Avropa Birliyi arasında yeni, güclü ittifaqın formalaşmasına gətirib çıxara bilər. Bu, sağlam rəqabətin inkişafına, təhlükəsizliyə və dünyada sabitliyə böyük töhfə vermiş olar. Bu baxımdan hesab edirəm ki, bölgədə yeni bir Avrasiya İttifaqının yaranmasına da böyük zəmin var. Müsəlman ölkələri də bir-biri ilə daha sıx inteqrasiya olunsalar, bu, İslam dünyasının inkişafına, yüksəlişinə və insanların rifahına öz töhfəsini vermiş olar".
Aytəkin TOFİQQIZI













