Azərbaycan və Özbəkistanın əbədi dostluğu: Deputatlar İlham Əliyevin səfərini dəyərləndirdi
Məlumat veridiyimiz kimi, ötən gün Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Özbəkistana dövlət səfəri edib. Dövlət başçısı Daşkənddə Müstəqillik abidəsini ziyarət edib. Özbəkistan Prezidenti “Heydər Əliyev” ordeni ilə, İlham Əliyev isə Özbəkistanın yüksək dövlət ordeni ilə təltif olunub. Eyni zamanda prezidentlər arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Prezident İlham Əliyev açıqlamasında bildirib ki, iki dövlət beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir.
Əbədi dostluq müqaviləsinin imzalanmasını iki dövlətin münasibətlərində yeni başlanğıc hesab etmək olarmı? İki dövlətin daim bir-birini dəstəkləməsi xarici siyasət baxımından nə dərəcədə əhəmiyyətlidir?
Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, iki dövlətin münasibətlərinin bu qədər yüksək səviyyədə inkişaf etməsi bugünkü və gələcək uğurlarımızın təməlidir:
"Eyni zamanda, Türk Dövlətləri Təşkilatının üzvü olan iki dövlətdir bunlar. Bu, bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatında getdikcə daha mütəşəkkil və sıx əlaqələr yaradılır və təşkilat güclü, nüfuzlu bir quruma çevrilir. Özbəkistan və Azərbaycan arasında olan bu qarşılıqlı münasibətlər bizə onu deməyə əsas verir ki, bütün istiqamətlərdə, bütün sahələrdə əməkdaşlığımız getdikcə daha da sürətlə inkişaf edəcək. Burada hər iki dövlət başçısının şəxsi münasibətlərində olan yaxınlıq, şəxsi münasibətlər çox vacib rol oynayır. Eyni zamanda, özbək xalqının, Özbəkistanın rəhbərliyinin, sizin qeyd etdiyiniz kimi, Ulu Öndərimizin fəaliyyətinə və şəxsiyyətinə böyük hörmət göstərməsi, cənab prezidentimizin təltif olunması, bütün sahələrdə çox mühüm sənədlərin imzalanması vacib məsələlərdir".
Onun sözlərinə görə, bu, təkcə Azərbaycanın xeyrinə deyil, qarşılıqlı olaraq hər iki dövlətin bir-birindən gələcək inkişaf yolunda bəhrələnməsidir:

"Cənab prezidentimiz həmişə qəti olaraq deyir, bütün o beynəlxalq tədbirlərdə, beynəlxalq səviyyədə olan məsələlərdə bir-birimizə arxa-dayaq olmağımız, bir-birimizə dəstək verməyimiz vacib şərtlərdir.
1990-cı illərdə Azərbaycan beynəlxalq təşkilatlarda bəzən təklənirdi. Azərbaycanı istəməyən qüvvələr çoxluq təşkil edirdi. Cənab Prezidentimizin apardığı uğurlu, uzaqgörən, müdrik siyasət nəticəsində Azərbaycanın bütün beynəlxalq qurumlarda tərəfdaşlarının sayı artıb və artmaqda da davam edir. Eyni zamanda, Özbəkistan və Özbəkistanla bərabər bütün Orta Asiya respublikaları, dövlətləri, Türk dünyası, Qoşulmama Hərəkatı – bunlar hamısı cənab prezidentimizin apardığı uğurlu siyasətin nəticəsində əldə etdiyimiz nailiyyətlərdir.
Bu günlərdə də, təbii ki bizi sevindirən bu səfər, səfərin nəticələri və bu səfər nəticəsində gələcəyə ünvanlanmış, istiqamətlənmiş, imzalanan sənədlər, müqavilələr. Bunlar hamısı Azərbaycan dövlətinin və Özbəkistan dövlətinin gələcək inkişafı üçündür, xoşbəxt gələcəyimiz üçündür. Güclü dövlətlər birliyi, güclü tərəfdaşlıq – bu, dünya siyasətində bu gün vacib olan məsələlərdən biridir. Hesab edirəm ki, uğurlarımız getdikcə davam edəcək və Azərbaycanımız daha güclü olacaq, daha da yüksək səviyyədə inkişaf edəcək".
Milli Məclisin deputatı Razi Nurullayev isə bildirdi ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin nə qədər yüksək səviyyəyə çatdığını bir daha göstərdi.
Onun sözlərinə görə, burada söhbət təkcə protokol xarakterli səfərdən getmir:
"Səfər çərçivəsində imzalanan sənədlər və verilən siyasi mesajlar Azərbaycan–Özbəkistan əlaqələrinin artıq strateji və uzunmüddətli xarakter daşıdığını göstərir.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasını da bu baxımdan mühüm hadisə hesab edirəm. Təbii ki, “yeni başlanğıc” ifadəsini işlətmək olar, amma məncə, daha doğru yanaşma budur ki, bu müqavilə artıq formalaşmış münasibətlərin yeni, daha möhkəm hüquqi və siyasi çərçivəyə salınmasıdır. Çünki Azərbaycanla Özbəkistan arasında dostluq bu sənədlə yaranmayıb. Bu dostluğun arxasında uzun illər ərzində formalaşmış qarşılıqlı etimad, siyasi yaxınlıq və xalqlarımız arasındakı tarixi-mədəni bağlar dayanır.
İki ölkənin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləməsi isə ayrıca əhəmiyyət daşıyır. Xarici siyasətdə dost ölkənin ən böyük üstünlüklərindən biri məhz çətin və prinsipial məsələlərdə bir-birinin mövqeyinə hörmətlə yanaşması və qarşılıqlı dəstək göstərməsidir. Azərbaycan və Özbəkistanın beynəlxalq platformalarda bir-birinin maraqlarını nəzərə alması onların münasibətlərinin sadəcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmadığını göstərir. Bu, həm də regionda və daha geniş beynəlxalq məkanda qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir".
Millət vəkili hesab edir ki, bu münasibətlərdə ən vacib məqam səmimiyyətdir:

"Azərbaycan və Özbəkistan bir-birinə yalnız siyasi maraq baxımından deyil, həm də tarixi və mənəvi yaxınlıq baxımından yanaşır. Eyni zamanda bu dostluq artıq konkret iqtisadi, nəqliyyat, enerji, humanitar və digər layihələrlə də möhkəmlənir. Yəni münasibətlər yalnız xoş sözlərdən ibarət deyil, real əməkdaşlıqla tamamlanır. Prezidentlərin yüksək dövlət ordenləri ilə təltif olunması da iki ölkə arasında münasibətlərə verilən siyasi qiymətin göstəricisidir. Xüsusilə Heydər Əliyevin adını daşıyan ordenin Özbəkistan Prezidentinə təqdim edilməsi iki ölkə arasındakı münasibətlərin tarixi əsaslarına verilən böyük ehtiram kimi qiymətləndirilə bilər.
Ümumilikdə, Prezident İlham Əliyevin səfərini çox uğurlu və nəticəyönümlü hesab edirəm. Bu səfər göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq sadəcə yaxşı qonşuluq və dostluq münasibətləri deyil. Bu, qarşılıqlı etimad üzərində qurulan, gələcəyə hesablanmış və konkret siyasi-iqtisadi məzmun qazanan strateji tərəfdaşlıqdır. “Əbədi dostluq” müqaviləsi isə bu münasibətlərin davamlılığını və uzunmüddətli siyasi iradəni rəsmiləşdirən mühüm sənəddir. Ən əsası odur ki, Azərbaycan və Özbəkistan bu dostluğu gələcək nəsillərə ötürmək niyyətini artıq siyasi sənədlərlə də ortaya qoyurlar. Məncə, səfərin əsas nəticəsi məhz budur: iki dövlət arasında etimad daha da dərinləşib və münasibətlər yeni mərhələyə keçib".
Aytəkin TOFİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.














